Azərbaycanın vergi sistemi: dünən, bu gün, sabah

2019.02.17 11:57 (UTC+04:00)

Rəşad Əliyev, iqtisadçı ekspert, "Value&Sources" konsaltinq şirkətinin rəhbəri

Son bir ildə Vergilər Nazirliyi tərəfindən ictimai sektorun nümayəndələri ilə bir neçə görüş və tədbir keçirilib. Bəzi görüşlərdə mən də iştirak etmişəm və xoş təəssüratla ayrılmışam. Bu cür tədbirlərdə ictimai sektorun nümayəndələri tərəfindən çoxlu sayda problemlər qaldırılır ki, nazirlik nümayəndələrinin bunları dinləməsi təqdirəlayiqdir.

Vergilər Nazirliyinin ictimai sektorla əməkdaşlığının daha da genişləndirilməsi ancaq müsbət nəticələr verə bilər. Belə bir əməkdaşlıq həyata keçirilən vergi siyasətinin şəffaflığının əsas və birbaşa göstəricilərindən biridir. Düşünürəm ki, sibətlər dərinləşdirilməli və ünsiyyət "sual-cavab" formasında yox, məhz "dialoq və müzakirə" prizmasında qurulmalıdır. İctimai sektorda böyük məlumat və təcrübə potensialı olduğundan nazirliyin bu cür mənbələrdən faydalanması onun fəaliyyətinin səmərəliliyinin artmasına xidmət edə bilər.