"Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki" təsdiqlənib

2019.02.16 13:17 (UTC+04:00)

Nazirlər Kabinetinin qərarı ilə "Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki" təsdiq olunub. Qərara əsasən, nəzarət-kassa aparatlarının tətbiqi 4 mərhələli olmaqla 2019-cu ildən 2022-ci ilin sonunadək Bakı, Gəncə, Sumqayıtı, respublikanın digər şəhər və regionlarını əhatə edəcək. Qrafikə görə, ilk mərhələ üzrə cari ildə nəzarət-kassa aparatlarının Bakı, Gəncə, Sumqayıt, respublikanın bir sıra şəhər və rayonlarındakı iri ticarət mərkəzləri ("Mall" tipli), şəbəkə sistemli marketlər, yanacaqdoldurma məntəqələri, ixtisaslaşmış qaydada avtomobil satışını həyata keçirən vergi ödəyiciləri, şadlıq evləri və mebel satışı üzrə ixtisaslaşmış müəssisələrdə quraşdırılması nəzərdə tutulur. 2020-2022-ci illəri əhatə edən üçüncü və dördüncü mərhələdə isə əlavə dəyər vergisi ödəyicilərinin pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri), digər pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektlərində (obyektləri) nəzarət-kassa aparatlarının tətbiqi planlaşdırılır.

Qrafik təsdiq edilənədək vergi uçotuna alınmış vergi ödəyiciləri tərəfindən istismar olunan nəzarət-kassa aparatları qrafikdə müəyyən edilmiş müddətədək istifadə olunmalı və qeyd edilən müddətdən sonra həmin nəzarət-kassa aparatları Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən, Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulması nəzərdə tutulan nəzarət-kassa aparatları ilə əvəz olunmalıdır. Yeni uçota alınmış təsərrüfat subyektlərində (obyektlərində) qrafikə əsasən, quraşdırılacaq nəzarət-kassa aparatları Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verməli və Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşularaq istifadə olunmalıdır.