Avqust ayı üzrə ümumi ixracda qeyri-neft sektorunun nisbəti artıb

2020.09.30 16:30 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İqtisadi icmal”ına əsasən, 2020-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (167 milyon dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 124,4 milyon dollar) ikinci, pambıq mahlıcı (78,6 milyon dollar) üçüncü olub.

2020-ci ilin ilk 8 ayı ərzində meyvə-tərəvəz ixracı 376,3 milyon, pambıq lifi ixracı 77,6 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 63,6 milyon, kimya sənayesi məhsullarının ixracı 52,4 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 31,5 milyon, mis və ondan hazırlanan məmulatların ixracı 12,5 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 118,5 milyon, pambıq ipliyi ixracı 11,3 milyon, spirtli və spirtsiz içkilərin ixracı 8,4 milyon, şəkər ixracı 11,5 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 15 milyon, çay ixracı 6,2 milyon dollar təşkil edib.

2020-ci ilin avqust ayında qeyri-neft sektoru üzrə ixrac 118,2 milyon dollar həcmində olub, qeyri-neft sektorunun ümumi ixracda payı 15,8 faiz təşkil edib. 2020-ci ilin avqust ayında yeyinti məhsullarının qeyri-neft sektorunda payı 21,1 faiz, qeyri-yeyinti sektoru üzrə isə 78,8 faiz təşkil edib.

Bu ilin avqust ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (31,7 milyon dollar dəyərində), İsveçrəyə (31 milyon dollar dəyərində), Türkiyəyə (21,9 milyon dollar dəyərində), Gürcüstana (7,8 milyon dollar dəyərində) və Əfqanıstana (2,2 milyon dollar dəyərində) ixrac edilib.

2020-ci ilin avqust ayında qeyri-neft sektoru üzrə ixracda dəyərinə görə qızıl (28 milyon dollar) birinci, pambıq mahlıcı (6 milyon dollar) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (5,4 milyon dolları ) üçüncü olub.