Sahibkarlığın İnkişafı Fondu yeni qrafik çarx hazırlayıb

2020.09.30 14:39 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu koronavirus pandemiyasından zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların maarifləndirilməsi istiqamətində daha bir addım atıb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, “Koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” mövzusunda qrafik çarxda faizlərin subsidiyalaşdırılması ilə əlaqədar ən vacib məqamlar izah olunub.

Çarxda vurğulanır ki, faiz subsidiyası fəaliyyət sahəsi zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə daxil olan sahibkarlıq subyektlərinin kredit təşkilatlarından həmin fəaliyyət növləri üzrə 2020-ci il martın 10-na manatla aldıqları kreditlərə (o cümlədən, restrukturizasiya edilmiş kreditlərə) verilir. Qrafik təsvirlər faiz subsidiyasının kreditin faiz dərəcəsinin 10 faiz bəndi miqdarında, həmçinin sahibkarlıq subyektinə verilmiş kreditlər üzrə 2020-ci ilin mart ayından başlayaraq 12 aydan çox olmayan müddətdə ödənilmiş və ya ödənilməmiş faizlər üzrə verildiyini izah edir.

Qrafik çarxda, həmçinin diqqətə çatdırılır ki, sahibkarlıq subyektləri faiz subsidiyası əldə etmək üçün kredit aldıqları kredit təşkilatına müraciət edə bilərlər.