Qarşıdakı 3 ildə qlobal bərpaolunan enerji sektorunda 5,5 milyon yeni iş yeri yaradıla bilər

2020.09.30 12:09 (UTC+04:00)

COVID-19 dövründə düzgün siyasət sayəsində qlobal bərpaolunan enerji sektorundakı məşğulluq artımı davam edə bilər.

Bu sözləri Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) baş direktoru Francesco La Camera deyib.

O, bərpaolunan enerjinin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin enerji bazarında məşğulluq yaratdığını bildirib: “Bərpaolunan enerji texnologiyaların mənimsənilməsini, eyni zamanda, yerli gəliri də artırır. Hazırda bərpaolunan enerji mənbələrindən istifadəyə liderlik edən ölkələrin sayı azlıq təşkil edir. Lakin bütün ölkələr bərpaolunan enerji potensialını reallaşdıra, sənaye sektorunun inkişafı və yerli potensialın artırılması üçün addımlar ata bilər”.

Dünyanın yeni növ koronavirusla mübarizə apardığı bu dövrdə ətraf mühit, iqtisadiyyat və insan sağlamlığı arasındakı əlaqənin daha çox bir-birinə bağlı olduğunu deyən baş direktor bildirib: “Təmiz, davamlı enerji təchizatı, sağlam və az karbonlu məşğulluğun yaradılması cəmiyyətin dekarbonizasiyası üçün çox vacibdir. Bərpaolunan enerji hazırkı sağlamlıq və iqtisadi böhran dövründə sərfəli olduğunu və dayanıqlılığını sübut etdi. Keçən il dünyada bərpaolunan enerji sektorunda məşğulluq 11,5 milyon nəfərə çatdı. Ölkələr bu dövrdə enerji transformasiyasına diqqət yetirsələr, bu sahədə daha çox fayda əldə edilə bilər. IRENA-nın COVID-19-dan sonrakı dövr üçün proqnozlarına görə, qarşıdakı 3 ildə qlobal bərpaolunan enerji sektorunda 5,5 milyon yeni iş yeri yaradıla və 2030-cu ildə bu sektorda ümumi məşğulluq 30 milyon nəfərə çata bilər”.