İkinci maliyyə paketi üzrə vergi ödəyicilərinə və fərdi sahibkarlara 117,33 milyon manat ödənilib

2020.09.29 18:54 (UTC+04:00)

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilmiş qərara əsasən, 2-ci mərhələ çərçivəsində 237 min 272 muzdlu işçini əhatə edən 23 min 188 vergi ödəyicisinə maliyyə dəstəyi göstərilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, ikinci maliyyə paketi çərçivəsində pandemiyadan zərərçəkmiş vergiödəyicilərinə 104 milyon 83 min manat vəsait ödənilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilən qərara əsasən, ikinci mərhələ çərçivəsində 50 min 148 fərdi sahibkara 13 milyon 252 min manat maliyyə dəstəyi göstərilib.