Sentyabrın 29-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104010779 ISIN-li, 30 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 13 investor tərəfindən qiyməti intervalı 91.7846 AZN (9 faiz) və 93.6656 AZN (6.8 faiz) olan 18 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 93.145 AZN (7.4 faiz), orta ölçülmüş qiyməti 93.1736 AZN (7.3669 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 101 milyon 699 min 400 manat, yerləşdirilmiş həcmi isə 45 milyon manat təşkil edib.
İstiqrazlar gələn il sentyabrın 28-də ödəniləcək. Hərrac iştirakçıları sentyabrın 30-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif olunan istiqrazların həcmi 50 faizədək artırıla bilər.