Rusiya vergilərə dair informasiyaları Türkiyə ilə paylaşacaq

2020.09.28 14:48 (UTC+04:00)

Rusiyanın Federal Vergi Xidməti (FVX) vergilərə dair məlumatların avtomatik şəkildə qarşılıqlı mübadilə edildiyi ölkələrin siyahısına Türkiyəni də daxil etmək üçün hazırlıq görür.

FVX tərəfindən hazırlanan və mövcud qanunvericilikdə dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsinə əsasən, vergilərə dair məlumatları Rusiya ilə avtomatik mübadilə edən ölkələrin siyahısı yenilənəcək. Layihədə bu siyahıya Türkiyədən başqa Nigeriya da əlavə edilib.

Qeyd edək ki, Rusiya 2018-ci ildən xarici vergi orqanlarına vergi ödəyiciləri haqqında Rusiya maliyyə qurumlarından alınan məlumatların çatdırılmasını təmin edir. Bunun qarşılığında FVX də Rusiya vətəndaşlarının xaricdəki hesabları haqqında məlumatları alır. Məlumat mübadiləsinin başlıca məqsədi isə beynəlxalq miqyasda vergidən yayınmanın qarşısının alınmasıdır.