Fərdi sahibkarların işçilərə görə ödəməli olduğu sosial sığorta haqqının hesablanması

2020.09.30 11:30 (UTC+04:00)

Fərdi sahibkarlıq subyektlərinin sosial sığorta haqqı məbləğlərinin hesablanması barədə saytımızda nəşr edilmiş yazı biznes mühitinin marağında olduğu məsələlərdəndir. Mövzunun şərhini iqtisadçı ekspert İsmayıl Bağırov davam etdirir.

"Sosial sığorta haqqında" Qanunun 14.5-ci maddəsinə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı fərqli dərəcələrlə ödənilir. Fərdi sahibkarlar qanunda qeyd olunan dərəcələrlə məcburi dövlət sosial sığorta haqqını həm sahibkarlıq fəaliyyəti üçün hesablayıb ödəməli, həm də işçiləri üçün əməyin ödənişi fondundan məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər.

Misal 1: Tutaq ki, Bakı şəhərində pərakəndə ticarətlə məşğul olan fərdi sahibkar əmək müqaviləsi ilə 2 nəfər işçi qüvvəsindən istifadə edir. Hər işçiyə 300 manat əməkhaqqı ödəyir. Fərdi sahibkarın həm özü üçün sahibkarlıq fəaliyyəti üzrə, həm də işçilərin əməkhaqqına görə ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqının məbləğini hesablayaq:
Bu zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs göstərdiyi sahibkarlıq fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı (250 manat) məbləğinin hər ay üçün 25 faizinin 100 faizi miqdarında, yəni 62,5 manat (( 250 x 25% = 62,5) x 100% = 62,5 manat) məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Eyni zamanda, həmin şəxs işçiləri üçün əməyin ödənişi fondunun öz vəsaiti hesabına ödəməklə 118 manat və işçinin əməkhaqqından ödəmə mənbəyində tutulmaqla 32 manat miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidir:

200 x 22% = 44 manat
100 x 15% = 15 manat
44 + 15 = 59 manat
59 x 2 = 118 manat.
200 x 3% = 6 manat
100 x 10% = 10 manat
6 + 10 = 16 manat
16 x 2 = 32 manat
118 +32 = 150 manat.

Deməli, fərdi sahibkar 2 işçiyə görə ayda 150 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Misal 2: Naxçıvan şəhərində ərzaq məsullarının satışı ilə məşğul olan fərdi sahibkarın əmək müqaviləsi ilə 5 nəfər işçisi var və hər işçiyə 600 manat əməkhaqqı ödəyir. Fərdi sahibkarın həm özü üçün sahibkarlıq fəaliyyəti üzrə, həm də işçilərin əməkhaqqına görə ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqının məbləğini hesablayaq:

Bu zaman, fərdi sahibkar sahibkarlıq fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (250 manat) hər ay üçün 25 faizinin 80 faizi miqdarında, yəni 50 manat (( 250 x 25% = 62,5) x 80% = 50 manat) məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. Eyni zamanda, həmin şəxs işçiləri üçün əməyin ödənişi fondu üzrə öz vəsaiti hesabına ümumilikdə 750 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

200 x 22% = 44 manat
400 x 15% = 60 manat
(44 + 60) x 5 = 520 manat.
200 x 3% = 6 manat
400 x 10% = 40 manat
(6 + 40) x 5 = 230 manat
520 + 230 = 750 manat.

Qeyd edək ki, bir neçə fəaliyyət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qanunvericiliklə iqtisadiyyatın sahələri üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğcə ən böyüyünu ödəyirlər.

Misal 3: Sumqayıt şəhərində topdan ticarət və əhaliyə məişət xidməti ilə məşğul olan fərdi sahibkar sahibkar qanunvericiliklə iqtisadiyyatın sahələri üzrə müəyyən edilən məcburi dövlət sosial sığorta haqqının məbləğcə ən böyüyü (ticarət üzrə minimum aylıq əmək haqqının 25 faizinin 90 faizi miqdarında) məbləğində, yəni 56,25 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

250 x 25% = 62,5 manat
62,5 x 90% = 56,25 manat.

Fərqanə ALLAHVERDİQIZI