Sinqapurla ticarət sazişinə "yaşıl işıq" yandırılıb

2019.02.16 12:48 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) və Sinqapur arasında imzalanmış ticarət sazişini artıq Avropa Parlamenti təsdiqləyib. Strasburqda bir araya gələn Avropa Parlamenti Baş Assambleyası Sinqapur ilə Aİ arasında keçən ilin oktyabr ayında imzalanmış ticarət anlaşmasına səs verib. Ticarət sazişi lehinə 425, əleyhinə 186 səslə qəbul edilib. Aİ Şurasının təsdiqindən sonra sənədin qüvvəyə minməsi gözlənilir.

Qeyd edək ki, Aİ ilə Sinqapur arasında ticarət və sərmayənin qorunmasına dair sazişlərlə bağlı müzakirələr 2010-cu ildə başlamış, 2014-cü ildə tamamlanmışdı. Bu anlaşmanın imzalanması ilə məhsulların bütün kateqoriyaları üzrə gömrük vergiləri 5 il müddətinə ləğv ediləcək. Aİ ilə Sinqapur arasında ticarətin ümumi həcmi 2017-ci ildə 53,3 milyard avro səviyyəsində olub. Həmin il Aİ Sinqapura 33,16 milyard avro, Sinqapur isə Aİ-yə 20,14 milyard avro dəyərində ixrac həyata keçirmişdi. Aİ ölkələri Sinqapura avtomobil və müxtəlif maşınlar, Sinqapur isə Aİ-yə kimya və tibb məhsulları satıb.