Astarada turizm kompleksi istifadəyə verilib

2020.09.22 18:13 (UTC+04:00)

Astara şəhərində yeni turizm kompleksi fəaliyyətə başlayıb. Sentyabrın 22-də İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev turizm kompleksinin fəaliyyəti, burada həyata keçiriləcək layhələrlə tanış olub, kompleksin fəaliyyətinin genişləndirilməsi imkanları, regionda turizm sahəsində mikro, kiçik və orta biznesin inkişafı istiqamətində müzakirələr aparıblar. Turizm kompleksinin yaradılmasına dövlət dəstəyi KOBİA vasitəsilə təmin edilib. Belə ki, KOBİA tərəfindən kompleksin yaradılmasına məsləhət, dövlət və özəl qurumlarla əlaqələndirmə, peşəkar kadr potensialının formalaşdırılması, marketinq və digər dəstək və xidmətlər göstərilib. Gənc sahibkar tərəfindən yaradılmış turizm kompleksi dörd mərtəbəli oteldən, fitnes, atçılıq mərkəzi, kartinq, restoran, uşaq əyləncə mərkəzi və çimərliklərdən ibarətdir. Burada 60-dan çox iş yeri yaradılıb. Turizm kompleksinin yaradılmasına sahibkar tərəfindən 4 milyon manatdan çox investisiya qoyulub. Hazırda KOBİA tərəfindən turizm kompleksinə investisiya təşviqi sənədinin alınması prosesində dəstək göstərilir. Turizm kompleksinin fəaliyyətinin genişləndirilməsi və daha çox iş yerləri yaradılmaqla yerli sakinlərin məşğulluğunun təmin olunması, eləcə də kompleksin regionda fəaliyyət göstərən digər KOB subyektlərinin müvafiq xidmətlərindən istifadə etməsi məqsədilə KOBİA tərəfindən müəssisəyə dəstək göstərilməsi davam etdiriləcəkdir.

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev həmçinin, Lənkəranın “Yaşıl Çay” fermer təsərrüfatında istehsal prosesi, eləcə də aqroturizm yönümlü layihələrlə tanış olublar.

Qeyd edək ki, KOBİA-nın dəstəyi ilə Lənkəran və Qəbələ rayonlarından olan sahibkarlar tərəfindən lavanda tərkibli çayın istehsalına başlanılıb. Qəbələdə yerləşən lavanda təsərrüfatından toplanan məhsullardan Lənkəranın “Yaşıl Çay” fermer təsərrüfatına məxsus müəssisədə “Lavandeli” çayı istehsal olunur. Yaxın günlərdə “Lavandeli” çayının satışa çıxarılması nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, KOBİA tərəfindən Qəbələnin Çuxur Qəbələ kəndində yerləşən lavanda və Lənkəranın “Yaşıl Çay” fermer təsərrüfatlarına müxtəlif istiqamətlərdə dövlət dəstəyi təmin edilib. Belə ki, KOBİA lavanda təsərrüfatına müvafiq sertifikatların alınması, satış üzrə əlaqələndirmə, yerli tərəfdaşların tapılması, eləcə də sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri üzrə məsləhət xidmətləri göstərib. “Yaşıl Çay” fermer təsərrüfatı isə KOBİA-nın aqroturizmin inkişafı üçün kənd otelinin yaradılması ilə bağlı sənədləşmə və biznes planın hazırlanması, özəl qurumlarla əlaqələndirmə xidmətlərindən yararlanıb. Növbəti mərhələdə KOBİA “Lavandeli” çayının istehsalının genişləndirilməsi, satışı və yeni bazarlara çıxarılması istiqamətlərində sahibkarlıq subyektlərinə dəstək göstərəcəkdir.