ABŞ-da fəaliyyətinin qadağan olunması təhlükəsi ilə üz-üzə qalan "TikTok"un sahibi olan Çin şirkəti "ByteDanse" dünyanın bu sahədə ikinci böyük şirkəti sayılan "Oracle" və pərakəndə satış nəhəngi "Walmart" ilə saziş imzalayıb. Bu sazişə əsasən, ABŞ şirkətləri "Oracle" və "Walmart" Çin şirkətinin 20 faizini satın alacaq və bununla da "TikTok"un Amerikadakı əməliyyatlarını idarə edəcək. Üç şirkətin tərəfdaşlığı çərçivəsində mərkəzi ofisi ABŞ-da yerləşəcək "TikTok Global" şirkəti yaradılacaq.
"ByteDanse"dən alınan payın 12,5 faizinin "Oracle"a, 7,5 faizinin isə "Walmart"a aid olduğu bildirilib.
ABŞ-da 100 milyon istifadəçisi olan "TikTok"un ölkədə 25 min nəfər üçün məşğulluq təmin edəcəyi gözlənilir. Saziş yaxın vaxtlarda Çin hökuməti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.