Filippin hökuməti audit proqramını sərtləşdirəcək

2019.02.15 19:17 (UTC+04:00)

Filippinin Daxili Gəlirlər Bürosunun komissarı Sezar Dyulay bildirib ki, 2019-cu ildə vergi daxilolmalarının artırılması üçün daha sərt audit proqramının həyata keçirilməsinə başlanılacaq.

Ölkədə fevralın 1-dən yeni milli vergi kampaniyasına start verilib. Bu kampaniyaya həsr olunmuş mərasimdə qeyd edilib ki, keçən il büronun xətti ilə 1,961 trilyon Filippin pesosu (37,4 milyard ABŞ dolları) vergi yığılıb. Bu göstərici əvvəlcədən müəyyənləşdirilmiş proqnozdan 4 faiz az olsa da, bir il əvvəlkindən 10,15 faiz çox olub.

Hökumətin bu il qarşıya qoyduğu məqsədlərdən biri isə audit proqramının intensivləşdirilməsidir. Maliyyə naziri Karlos Dominqes hökumətin keçən il həyata keçirdiyi proqramı müsbət qiymətləndirib, islahatlar nəticəsində daha yüksək yığımlara nail olunduğunu qeyd edərək elektron ödəniş variantlarının əlçatanlığının təmin edilməsinin, "Vergilərin ödənilməsindən sonra" kampaniyasının, eləcə də vergi bazasının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. "Bu il hədəflər daha yüksək götürülsə belə, mən büronun böyük göstəricilərə nail olacağına inanıram", - nazir deyib.