Sosial dövlət olmanın daha bir nümunəsi

2020.09.21 17:37 (UTC+04:00)

Dövlət ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələrində, AMEA-nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan müəyyən kateqoriyaya aid olan tələbələr təhsil haqqından azaddır.

Təhsil Nazirliyindən bildirilib ki, dövlət təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələrində və AMEA-nın magistratura səviyyəsində təhsil alan məcburi köçkünlər qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil müddəti ərzində şəhid ailələrindən olan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar 23 yaşınadək təhsil haqqı ödəmir.

Eyni zamanda, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələrində, AMEA-nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində təhsil alan və aşağıdakı kateqoriyalardan birinə aid olanlar da təhsil haqqından azaddır:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş vətəndaşların uşaqları;

- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan vətəndaşların uşaqları;

- Ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələrində, AMEA-nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.