IOTA-nın növbəti forumu Bakıda keçiriləcək

2019.02.15 16:54 (UTC+04:00)

Fevral ayının 19-21 tarixlərində Bakı şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Vergilər Nazirliyi ilə birgə "Avtomatik məlumat mübadiləsindən əldə olunan məlumatlardan istifadə" mövzusunda forumu keçiriləcək. Tədbirdə IOTA-ya üzv olan 30 ölkədən təxminən 50-yə yaxın nümayəndənin iştirakı gözlənilir. Forumun təşkilində məqsəd Avtomatik məlumat mübadiləsi (AEOI), Ümumi Hesabatlılıq Standartı (CRS) və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (FATCA) vasitəsilə əldə edilən məlumatlardan səmərəli istifadə sahəsində üzv ölkələrə kömək göstərmək, bu sahə üzrə mütəxəssisləri bir araya gətirməkdən ibarətdir.

Forumun ölkəmizdə keçirilməsi IOTA ilə mövcud əlaqələrimizin daha yüksək səviyyəyə çatdırılması, vergi ödəyicilərinin maliyyə hesabları barədə Azərbaycan Respublikası ilə avtomatik məlumat mübadiləsini nəzərdə tutan qanunvericilik şəbəkəsinin genişləndirilməsi, eləcə də məlumat mübadiləsi sahəsində ölkəmizin əldə etdiyi uğurların təbliği baxımından faydalı olacaqdır.

Qeyd olunmalıdır ki, Vergilər Nazirliyi 2002-ci ildən IOTA-nın tamhüquqlu üzvüdür və təşkilatın fəaliyyətində aktiv iştirak edir. 2007-ci ildən etibarən IOTA-nın bir sıra tədbirləri Vergilər Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində keçirilir. Nazirlik 2013-cü ildən etibarən ardıcıl olaraq üç dəfə IOTA-nın əsas qərarverici orqanlarından olan İcraiyyə Şurasında təmsil edilib və Azərbaycan MDB üzrə sözügedən orqana seçilən ilk ölkədir.