OPEC-ə üzv və qeyri-OPEC ölkələri (“OPEC+”) üzrə neft istehsalına dair kompensasiya planının müddəti cari ilin sonunadək uzadılıb.
Bu barədə OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) videokonfrans formatında keçirilən 22-ci iclasında deyilib.
JMMC “OPEC+” sazişi üzrə öhdəliklərinə tam əməl etməyən və nəzərdə tutulandan daha çox neft hasil edən bəzi iştirakçı ölkələrə dair kompensasiya planının müddətinin bu ilin dekabr ayının sonuna qədər uzadılması barədə qərar qəbul edib.
Bildirilib ki, bu, davam edən balanslaşdırma səyləri üçün vacibdir və neft bazarında uzunmüddətli sabitliyin təmin olunmasına kömək edir.
Xatırladaq ki, “OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 milyon barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan avqustda sutkada xam neft hasilatını 133,4 min barrel azaldıb. “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, “Azəri-Çıraq-Günəşli”də 567 min barreldən azaldılaraq 461 min barreldə, SOCAR (“Azneft” İB, birgə müəssisələr və əməliyyat şirkətləri) üzrə isə 151 min barreldən ixtisar edilərək 126 min barrel həcmində saxlanılmalıdır.
12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust - 31 dekabr tarixlərini əhatə edir.