"AzerGold" QSC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil olub

2020.09.18 11:40 (UTC+04:00)

Sentyabrın 18-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AzerGold” QSC-nin ümumi dəyəri 20 milyon ABŞ dolları olan istiqrazlarının birinci tranşı üzrə buraxılan hissəsi standart bazar seqmentində listinqə daxil edilib.

BFB-dən bildirilib ki, faizli, təmin edilməmiş istiqrazların sayı 100 ədəd, nominal dəyəri 100 dollar, illik faiz dərəcəsi 4 faiz, tədavül müddəti 3 ildir. Birinci tranş üzrə 10 milyon dollar həcmində buraxılan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaq. Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İŞ” QSC-dir.

İstiqrazların baza emissiya prospekti və birinci buraxılış üzrə yekun şərtlərini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə etmək olar. Hərracda iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər”

(https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.