2018-ci ildə valyuta bazarı tarazlı olaraq özünütənzimləmə rejimində fəaliyyət göstərib və manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyyə balansı üzrə meyillərə uyğun formalaşıb.
Mərkəzi Bankın 2018-ci il üzrə "Pul siyasəti" icmalında qeyd olunub ki, ötən il valyuta bazarının hər iki seqmentində - qeyri-nağd və nağd valyuta bazarlarında əməliyyatların həcminin artması müşahidə edilib. Buna səbəb ölkənin xarici ticarət dövriyyəsinin artması olub. 2018-ci ildə qeyri-nağd valyuta bazarında aparılan əməliyyatların həcmi 25,4 milyard ABŞ dolları ekvivalentində olub. Ötən ilin yanvar-dekabr aylarında nağdsız valyuta bazarında əməliyyatların 83,3 faizi ABŞ dollarında, 16,7 faizi isə digər valyutalarda aparılıb. Qeyri-nağd valyuta əməliyyatlarının 33 faizi banklararası valyuta bazarında (BVB), 67 faizi isə bankdaxili valyuta bazarında (BDVB) aparılıb.
Mərkəzi Bank ötən il BVB-də ABŞ dolları ilə aparılan əməliyyatların 53,5 faizinin bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olduğunu açıqlayıb: "BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən "Bloomberg" platformasında aparılan əməliyyatlar hesabına formalaşıb. BDVB-də valyuta əməliyyatlarının həcmi 17 milyard dollar ekvivalentində olub ki, bunun da 77 faizini ABŞ dolları ilə əməliyyatlar təşkil edib".
İcmalda qeyd olunub ki, BDVB-də valyuta əməliyyatlarının 93 faizini hüquqi şəxslərlə aparılan valyuta əməliyyatları təşkil edib. Banklar tərəfindən nağd xarici valyutanın alğı-satqısı üzrə aparılan əməliyyatların həcmi hesabat ilində 7 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 5,4 milyard dollarını və ya 77 faizini ABŞ dolları ilə aparılan əməliyyatlar təşkil edib.