ABŞ Kanadadan idxal edilən alüminiuma tətbiq olunan gömrük vergisinə yenidən baxıb

2020.09.22 13:47 (UTC+04:00)

ABŞ-ın Ticarət Nümayəndəliyi Ofisinin açıqlamasında Kanada hökuməti ilə aparılan görüşlərdən sonra ABŞ-ın emal edilməmiş alüminium ticarətini bu ilin son dörd ayında normallaşdırmağa qərar verdiyi bildirilib.

Açıqlamada avqust ayında ABŞ-ın Kanadadan idxal olunmuş alüminiuma 10 faizlik gömrük vergisinin tətbiqi ilə bağlı qərarın şərtlərində dəyişiklik ediləcəyi vurğulanıb.

Açıqlamaya əsasən, bu ilin son dörd ayında həyata keçirilən idxal müəyyənləşdirilmiş hədd daxilində gömrük vergisindən azad ediləcək, lakin bu həddin 105 faizlik səviyyəsinin aşılacağı təqdirdə həmin ay ərzində idxal edilmiş alüminiumun hamısı üçün 10 faizlik gömrük vergisi tutulacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp avqustun 6-da Kanadadan idxal edilən alüminiuma 10 faizlik vergi tətbiq olunması barədə sərəncam imzalamışdı. Bu addıma cavab olaraq Kanadanın Baş nazirinin müavini Kristia Friland da 2,7 milyard dollar dəyərində Amerika alüminium məhsullarına yeni gömrük vergisi tətbiq olunacağını bildirmişdi.