Azərbaycanda ÜDM artımı üç ssenari üzrə proqnozlaşdırılır

2020.09.16 10:34 (UTC+04:00)

Milli Məclisin Komitə sədri Tahir Mirkişili bildirib ki, 2020-ci ildə dövlət iqtisadiyyatda daha aktiv rol oynamaq məqsədilə sahibkarlığa kömək etməklə, əhalinin sosial xərclərini artırmaqla, sağlamlığı önə çəkməklə, ölkədə iqtisadi azalmanı idarə etməklə müşayiət olunan siyasət yürüdür.

Azalmadan qaçmaq qeyri-mümkün idi. Bu, bütün dünyada baş verən prosesdir. Ancaq qarşıda duran məqsəd azalmanın tempinin idarə olunması və minimallaşdırılması idi. Son 7 ayın göstəricilərinə diqqət etsək, Azərbaycanda ÜDM-in 2,8 faiz azalması müşahidə olunub, qeyri-neft sektorunda isə bu rəqəm 1,6 faiz olub.
2021-ci ildə qeyri-müəyyənlik davam edəcək. İqtisadi inkişaf pandemiyanın ikinci dalğasının olub-olmamasından çox asılı olacaq. Bu reallıq nəzərə alınmaqla Maliyyə Nazirliyinin açıqladığı ilkin göstəricilər 2021-ci il üçün İqtisadiyyat Nazirliyi tərəfindən müəyyənləşdirilmiş üç ssenari üzrə proqnozlara əsaslanır.

Azərbaycan iqtisadiyyatında ÜDM artımı neftin qiymətinin üç həddinə (35-40 dollar, 40 dollar və 35-45 dollar) əsasən proqnozlaşdırılır. Bu, büdcə göstəricilərini müxtəlif ssenarilər üzrə hesablamaqla bir çox risklərdən qaçmağa imkan verəcək. Ən aşağı həddə - neftin qiymətinin 35 dollar olacağı təqdirdə iqtisadiyyamızın 3 faiz, ən yuxarı həddə - 45 dollar olacağı halda isə 3,8 faiz artması gözlənilir. Proqnoza görə, gələn il büdcə gəlirləri 2020-ci ilin dürüstləşdirilmiş büdcəsindən artıq olacaq. Burada təxminən 200 milyon manatdan çox artım planlaşdırılır. Eyni zamanda büdcə xərclərinə nəzarətin artırılması, effektiv nəzarət mexanizmlərinin qurulması gələn il büdcə xərclərinin 1,8 milyard manat azalmasına imkan verəcək.

Ölkəmizdə ilk dəfə 2021-ci il üçün nəticə əsaslı büdcənin pilot layihəsi hazırlanıb. Xüsusən, üç istiqamətdə ( təhsil, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi) nəticə əsaslı strateji planlaşdırma, ortamüddətli xərclər çərçivəsində büdcə planlaşdırılması tətbiq olunacaq. Qeyri-neft sektorunun potensialının işə salınması, investisiyaların cəlb olunması, özəlləşdirmə proqramlarının genişləndirilməsi, iqtisadiyyatda liberallaşmanın sürətlənməsi 2021-ci ildə Azərbaycan iqtisadiyyatında proqnozlaşdırılandan daha çox real potensial yaradacaq.

Büdcənin yeni artım mənbələrinin müəyyən edilməsinə gəlincə, burada liberallaşma, daha çox dövlət şirkətlərinin özəlləşdirilməsi, xərclərə şəffaf nəzarət mexanizminin tətbiqi kimi mühüm istiqamətlər müəyyən edilib. Məsələn, son 20 ildə özəlləşmədən dövlət büdcəsinə cəmi 1 milyard manat daxil olub. Bu, olduqca aşağı məbləğdir. Belə bir şəraitdə özəlləşmənin sürətləndirilməsi büdcənin, eyni zamanda iqtisadiyyatın yeni artım mənbələrinin müəyyən olunmasında mühüm rol oynayacaq. Yeni texnologiyaların tətbiqi və investisiyaların cəlb olunması da yeni artım mənbələrinin yaranmasını şərtləndirir.

Fərqanə ALLAHVERDİQIZI