İxtisar olunan işçilərə müavinət necə hesablanır?

2020.09.17 11:38 (UTC+04:00)

Əmək Məcəlləsinin 77-ci maddəsinin üçüncü hissəsinə əsasən, əmək müqaviləsi 70-ci maddənin "b" bəndi ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:

Bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında

Açıqlama: İşəgötürənlə əmək stajı 8 ay olan işçinin orta aylıq əməkhaqqı (əvvəlki iki aya uyğun hesablanan) 400 manat olduqda işçiyə ödəniləcək müavinət də 400 manat olacaq.

Bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında

Açıqlama: İşəgötürənlə əmək stajı 4 il 3 ay olan işçinin orta aylıq əməkhaqqı (əvvəlki iki aya uyğun hesablanan) 600 manat olarsa, ona 840 manat (600 manat x 1,4 misli) müavinət ödənilməlidir.

Beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında

Açıqlama: İşəgötürənlə əmək stajı 7 il olan işçinin orta aylıq əməkhaqqı (əvvəlki iki aya uyğun hesablanan) 800 manat təşkil etdikdə işçiyə 1.360 manat (800 manat x 1,7 misli) müavinət ödənilməlidir.

On ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında

Açıqlama: İşəgötürənlə əmək stajı 12 il olan işçinin orta aylıq əməkhaqqı (əvvəlki iki ay əsasında hesablanan) 1.200 manat olubsa, işçiyə də 2.400 manat (1.200 manat x 2 misli) müavinət ödənilməlidir.

Fəxriyyə İKRAMQIZI