AZƏRTAC xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) fevralın 13-də açıqladığı yeni məruzədə belə deyilir. Məruzə əmək bazarında son tendensiyalara həsr olunub. Sənəddə deyilir ki, 2018-ci ildə dünyada 3,3 milyard insanın işi olub, lakin onların çoxu cüzi əməkhaqqı alıb və ağır şəraitdə çalışıb.
BƏT-in nümayəndəsi Damyan Qrimşou bildirib ki, məşğulluq layiqli həyat tərzinin qarantı deyildir. İşləməsinə baxmayaraq, 700 milyon insan yoxsulluq və hətta dilənçilik həddində yaşayır. Təşkilat yaranmış vəziyyəti "layiqli iş qıtlığı" adlandıraraq xəbərdarlıq edib ki, ölkələrin çoxu dayanıqlı inkişafın səkkizinci məqsədinə 2030-cu ilə kimi nail ola bilməyəcək. BƏT-in baş direktorunun müavini Debora Qrinfild deyib: "Səkkizinci məqsəd təkcə ümumi məşğulluğa deyil, həm də məşğulluğun keyfiyyətinə aiddir. Bərabərlik və layiqli iş dayanıqlı inkişafın iki əsas amilidir". BƏT-dən bildiriblər ki, əmək bazarında gender bərabərliyi məsələsində heç bir inkişaf əldə olunmayıb. Qadınların yalnız 48 faizi işləyir, kişilər arasında bu göstərici 75 faizə bərabərdir. Gənclərin isə 20 faizi nə işləyir, nə də oxuyur.
Məruzədə qeyd olunur ki, qeyri-rəsmi məşğulluq hələ də çox yüksək səviyyədədir. İki milyard insan, yəni əməkçilərin təqribən 61 faizi qeyri-rəsmi sektorda işləyir. Avropada işsizliyin səviyyəsi son on ildə ən aşağı həddə düşüb və 2020-ci ilə qədər azalmağa davam edəcək. Şərqi Avropa ölkələrində məşğul insanların sayı yaxın iki ildə bir qədər azalacaq, lakin eyni zamanda, əmək qabiliyyətli əhalinin sayı da aşağı düşəcək. Beləliklə, tendensiya saxlanılacaq – işsizliyin səviyyəsi azalmağa davam edəcək. Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın qeyri-rəsmi sektorunda məşğulluq əsas problem olaraq qalır. Bu göstərici təqribən 43 faiz təşkil edir.