Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 13,6 faiz artıb

2020.09.14 15:01 (UTC+04:00)

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar-avqust aylarında 24,7 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 13,6 faiz artıb. Sənaye məhsulunun 33,1 faizi emal sektorunda istehsal olunub. Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 9,5 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 96,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 63 faiz, maşın və avadanlıqların istehsalı 50,4 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 39,5 faiz, tütün məmulatlarının istehsalı 38,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 36,8 faiz, geyim istehsalı 32 faiz, kağız və karton istehsalı 30,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 23,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 13,4 faiz, poliqrafiya məhsullarının istehsalı 11,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 4,7 faiz, elektrik avadanlıqlarının istehsalı 3,4 faiz, neft məhsullarının istehsalı 2,2 faiz artıb.

Qida məhsullarının istehsalı 0,8 faiz, tikinti materiallarının istehsalı 1,8 faiz, hazır metal məmulatlarının istehsalı 3,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 6,3 faiz, içkilərin istehsalı 9 faiz, mebel istehsalı 19,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 44,6 faiz azalıb.