İqtisadi Şura: İqtisadi siyasətin yeni idarəetmə çərçivəsi

2020.09.12 11:57 (UTC+04:00)

Millət vəkili Tahir Mirkişili "vergiler.az"a açıqlamasında bildirib ki, pandemiya şəraiti 2018-ci ildən sürətlənən iqtisadi islahatların nəticələrinin daha geniş hiss edilməsinə müəyyən qədər mane olub, vətəndaşların sağlamlığı iqtisadi hədəfləri üstələyib: "Dünyada artıq yeni reallıqlar formalaşmaqdadır. Neft qiymətlərinin aşağı həddə sabitləşməsi, texnologiyaların və yeniliklərin sürətlə yayılması iqtisadi siyasətdə də çevik dəyişikliklərin olmasını labüd edir. Bu baxımdan Azərbaycanda iqtisadi siyasətin yeni idarəetmə çərçivəsinin yaradılması iqtisadi uğurları əldə etməyin yeni mənbələrinin tapılmasına hesablanıb".

Millət vəkili Şura qarşısında növbəti 10 ildə iqtisadiyyatımızın 2 dəfə böyüməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, xarici və özəl investisiyaların cəlb edilməsində yeniliklər, insan kapitalından geniş istifadə edilməsi, innovativliklik və s. kimi hədəflərin qoyulduğunu qeyd edib. Bu, Azərbaycan iqtisadiyyatının müasir çağırışlar üzərində inkişaf edəcəyini və islahatların da bu məqsədlə sürətlənəcəyini deməyə imkan verir.

İqtisadi Şuranın yaradılması ilə bağlı fərman iqtisadi siyasətin qanunvericilik əsaslarını yaradan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi qarşısında da mühüm çağırışlar yaratmaqdadır.

T.Mirkişili müasir qanunların qəbulu, mövcud qanunvericilik aktlarında çevik mexanizmlərin yaradılması aparılan iqtisadi islahatların daha çox mənimsənilməsinə imkan yaradacağı, ölkəmizin iqtisadi hədəflərinə çatmaqda mühüm alət olacağı qənaətində olduğunu bildirib: "Prezident cənab İlham Əliyevin apardığı ardıcıl siyasət çərçivəsində İqtisadi Şuranın yaradılması və onun qarşısında qoyulan hədəflər Azərbaycan iqtisadiyyatının postpandemiya dövründə daha sürətli inkişafının təmin edilməsi məqsədi daşıyır".

Fərqanə ALLAHVERDİQIZI