"Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020" keçiriləcək

2020.09.11 13:21 (UTC+04:00)

22-23 sentyabr tarixlərində “Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020” keçiriləcək.

İlk dəfə olaraq təşkil olunacaq və İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə reallaşdırılacaq onlayn forumun məqsədi koronavirus (COVID-19) pandemiyası şəraitində və postpandemiya dövründə sahibkarların motivasiyası və beynəlxalq təcrübənin öyrənilməsidir.

Sahibkar düşüncə tərzinin təşviqi, xüsusilə gənclər və qadınlar arasında sahibkarlıq fəaliyyətinə marağın artırılması, sosial sahibkarlıq sahəsində fəaliyyət göstərən və biznesə yeni başlayan gənclərin həvəsləndirilmsi, biznesin pandemiya dövründə qarşılaşdıqları çətinliklərin müzakirə olunması forumun başlıca hədəfləri sırasındadır. Onlayn forum çərçivəsində pandemiya şəraitində fəaliyyətini davam etdirən sahibkarların uğur hekayələri paylaşılacaq, xarici mütəxəssislər vasitəsilə qabaqcıl təcrübə öyrəniləcəkdir.

Onlayn foruma Türkiyə, Almaniya, Finlandiya, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Rusiya, Pakistan, İspaniya və s. kimi ölkələrdən iştirakçı və spiker qismində iş adamlarının qatılacağı gözlənilir.

“SA Consulting” MMC-nin təşkilatçılığı ilə keçiriləcək “Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020”nin tərəfdaşları “Odlar Yurdu” Gənclər İctimai Birliyi, “SAT Group”, Sosial Biznes Gənclər Mərkəzi, “Networking.az” biznes klubu, “Majlis Business Network” və “Avrasya Ekonomik İlişkiler Derneği”dir.

Forumda iştirak üçün son qeydiyyat tarixi 21 sentyabr saat 15:00-dır.

Qeydiyyat üçün keçid - https://bit.ly/33e0toZ