Rəqəmsal Ticarət Qovşağı yeni normaya keçidi sürtləndirir

2020.09.11 16:03 (UTC+04:00)

Koronavirus pandemiyası biznesdə yeni normanı müəyyənləşdirdi. Ümumiyyətlə yeni norma dəyişikliklər toplusunun kütləvi qəbulu və istifadəsi deməkdir. Hazırda yeni normaya əsasən, bizneslər fəaliyyətlərini davam etdirmək üçün rəqəmsal transformasiya etməli oldular. Rəqabətqabiliyyətli bizneslər işlərini onlayn təşkil etməyə, xidmətlərini məsafədən göstərməyə və əməkdaşlıqlarını isə videokonfranslar üzərindən qurmağa başladılar. Pandemiyanın yaxın zamanlarda bitəcəyini gözləsək də, yeni normanın gətirdiyi bu yeniliklərin hələ uzun müddət bizimlə qalacağını deyə bilərik.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri Nicat Əsədli bunun səbəbinin yeni normanın bizneslər üçün ənənəvi fəaliyyət formasından daha sürətli, səmərəli və əlverişli olması ilə bağlı olduğunu bildirib. Bizneslər yeni norma fonunda rəqəmsal tranformasiyanın üstünlükləri ilə hələ indi tanış olsalar da, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılan Rəqəmsal Ticarət Qovşağı yeni normanı hələ 2017-ci ildən tətbiq etməyə başlayıb. RTQ bu dövr ərzində bir çox istiqamətlərdə yeni layihələr tətbiq etməklə həm yerli, həm də xarici biznes nümayəndələrinə innovativ xidmətlər təqdim edib.

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Estoniyadan sonra dünyada ikinci elektron və birinci mobil rezidentlik təqdim edən platforma olub. M-Rezidentlərin məsafdən biznesə başlaması, bank hesabı açması və dövlət xidmətlərindən istifadə etməsi üçün inteqrasiyalar aparılıb, yeni imkanlar yaradılıb. Bu yeniliklər nəticəsində m-Rezidentlər biznesdə yeni norma ilə artıq uzun müddət öncə tanış olublar. Yeni normanın üstünlüklərini anlayan 30 ölkədən 100-dən çox əcnəbi sahibkar proqrama müraciət etməklə Azərbaycanın rəqəmsal rezidentliyini əldə edib.

N.Əsədli bildirir ki, Rəqəmsal Ticarət Qovşağının təqdim etdiyi yeni norma yerli sahibkarları da əhatə edib. “www.dth.az” internet saytında Onlayn Vahid İxrac ərizəsi fərdi və hüquqi şəxslərə ixrac sənədləri üçün elektron müraicət imkanı təqdim edib. Bu resurs vasitəsilə sahibkarlar “ASAN imza”ları ilə Sərbəst Satış Sertifikatını tam onlayn almaq üçün elektron müraciət etmək imkanı qazanıb. Onlayn Vahid İxrac ərizəsinin “yalnız bir dəfə” (only-once) və intellektual məntiq prinsiplərinə əsaslanaraq yenidən təşkili başlayıb. Yaxın zamanlarda mənşə, fitosanitar, baytarlıq, qida təhlükəsizliyi sertifikatı və gömrük bəyannamələri də onlayn vahid pəncərədən əldə ediləcək.

Yeni norma mühitində təqdim edilən xidmətlərin ən son texnoloji infrastrukturun üzərindən qurulması zəruridir, bu səbəblə RTQ-də qurulmuş sistem üçün “X-Road 6” və “X-Road 7” texnologiyasından istifadə edilib. Estoniya, Finlandiya və Yaponiya kimi dövlətlər tərəfindən tətbiq edilən bu sistemdən istifadə gələcəkdə beynəlxalq əməkdaşlıqlar zamanı informasiya mübadiləsinin daha sürətli və səmərəli həyata keçirilməsinə dəstək olacaq. Azərbaycanda məhz RTQ-də bu qabaqlayıcı sistemlərin tətbiqi növbətii illərdə “smart nation” konsepsiyasına keçidə təkan verəcək, 4-cü Sənaye İnqilabı fonunda regionda eyni adlı mərkəzin ölkəmizdə yaradılmasına dəstək olacaq.

Beləliklə Rəqəmsal Ticarət Qovşağının həm yerli həm xarici biznes iştirakçıları, həm dövlət həm də özəl sektor nümayəndələri üçün təqdim etdiyi yeniliklər istifadəçilərin məmnunluğunu artırmaqla yanaşı, pandemiya fonunda yaranan yeni normaya daha sürətli keçidə katalizator rolunu oynayacaq. Qeyd edək ki, portalın bu potensialını beynəlxalq nüfuza malik “www.e-estonia.com” və “www.coindesk.com” portalı da geniş məqalələr dərc etməklə göstərilib.