Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, fevral ayının ilk günlərində rayon (şəhər) məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslərdən daha 7 mindən çoxu "İşsizin DOSTu" proqramı çərçivəsində ödənişli ictimai işlərlə təmin edilib. İşlə təmin olunanlarla əmək müqaviləsi bağlanılıb və bununla da onlar ictimai faydalı xarakter daşıyan işlərə (abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s.) cəlb olunublar.
"İşsizin DOSTu" proqramı haqqı ödənilən ictimai işlərin təşkilinin sistemli və şəffaf şəkildə qurulması və genişləndirilməsi məqsədilə hazırlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin "DOST İş Mərkəzi" tərəfindən bu ilin əvvəlindən icra olunan proqram çərçivəsində 30 minədək şəxsin ödənişli ictimai işlərə cəlb edilməsi nəzərdə tutulub. Artıq 23 mindən çox şəxs bu cür işlərlə təmin olunub.