Azərbaycan KOB-larının ixrac əməliyyatlarının maliyyələşdirilməsinə dair müzakirələr aparılıb

2020.09.10 17:55 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov və Rusiya İxrac Mərkəzinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nuri Quliyev arasında görüş keçirilib.

KOBİA-dan bildirilib ki, görüşdə ikitərəfli biznes tərəfdaşlığı çərçivəsində kiçik və orta sahibkarlıq subyektlərinin xarici bazarlara çıxışına dəstək imkanlarının genişləndirilməsi müzakirə edilib.

O.Məmmədov ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində görülən işlər barədə məlumat verərək pandemiya dövründə KOB-ların ticarət əməliyyatlarının maliyyələşdirilməsinin əhəmiyyətini qeyd edib.

N.Quliyev Rusiya İxrac Mərkəzinin qrupuna daxil olan maliyyə institutlarının xarici şirkətlərə maliyyə dəstəyi barədə məlumat verib, Azərbaycan KOB-larının da bu dəstəkdən yararlana biləcəyini vurğulayıb.

Görüşün nəticəsində mövcud imkanlar çərçivəsində KOB-lar üçün dəstək mexanizmlərinin tətbiqi istiqamətlərinin nəzərdən keçirilməsi barədə razılığa gəlinib.