İstehlak bazarında qiymətlər açıqlanıb

2020.09.10 14:11 (UTC+04:00)

Yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 102,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101 faiz olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, cari ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,8 faiz, əvvəlki ilin avqust ayına nisbətən 102,8 faiz olub. Bu ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,5 faiz, ötən ilin avqust ayına nisbətən 104,9 faiz təşkil edib. Avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarında daha çox ucuzlaşma limonun, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, çiyələyin, qurudulmuş meyvələrin, fındığın, kələmin, pomidorun, balqabağın, bibərin, badımcanın, göy lobyanın, bahalaşma isə əsasən yumru düyünün, manna və qarabaşaq yarmasının, vermişelin, spagettinin, qoyun ətinin, kolbasa məmulatlarının, təzə və dondurulmuş balığın, xamanın, yumurtanın, portağalın, əriyin, kivinin, qozun, xiyarın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, kartofun, çayın, meyvə şirəsinin, pivənin və tütün məmulatlarının qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Cari ilin avqust ayında həm qeyri-ərzaq məhsulları, həm də əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100 faiz, keçən ilin avqust ayına nisbətən isə müvafiq olaraq 101,4 və 101,1 faiz təşkil edib.