Sığortaçılar Assosiasiyası ilə Milli Avtomobil Klubu arasında əməkdaşlıq gücləndirilir
2020.09.09 09:49 (UTC+04:00)
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyi ilə Azərbaycan Milli Avtomobil Klubu arasında anlaşma memorandumu imzalanıb. Razılığa əsasən, tərəflər Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyi səviyyəsinin artırılması vasitəsilə yol-nəqliyyat hadisələrinin sayının və bu hadisələr nəticəsində ölkəyə dəyən sosial-iqtisadi zərərin azaldılması istiqamətində tədbirlərlə bağlı sosial layihələrin həyata keçirilməsində əməkdaşlıq edəcəklər.
Memorandumun əsas hədəfləri:
- sosial məsuliyyətin aşılanmasının təbliğ və təşviq edilməsi;
- insanlar arasında maarifləndirmə layihələrinin həyata keçirilməsi;
- ölkə vətəndaşları arasında yol-nəqliyyat hadisələrinin, xüsusilə də ölümlə və sağlamlığa zərər vurulma ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının minimallaşdırılması;
- ölkə iqtisadiyyatına və ekologiyaya dəyən zərərin həcminin azaldılması ;
- yol hərəkətinin təhlükəsizliyi sahəsində maarifləndirmə, təbliğat və təşviqat işinin təkmilləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi;
- yol hərəkəti təhlükəsizliyi sahəsində müasir innovativ metodların tətbiqi, yol hərəkəti iştirakçılarının davranış və mədəniyyət səviyyəsinin artırılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi.