Pandemiya və rəqəmsallaşma

2020.09.09 11:39 (UTC+04:00)

Pandemiya dövründə rəqəmsallaşma

Son dövrlərdə, dünya sanki növbəti sənaye inqilabını yaşamaqdadır. Bu inqilabın əsas xüsusiyyəti məsəfadən iş, məsafədən xidmətlərin göstərilməsi və rəqəmsallaşmadır. Hazırda elektron ticarət, onlayn iş, onlayn ödənişlər həyatımızın bir parçasına çevrilmişdir.

Cəmiyyətin rəqəmsallaşması trendlərı artıq 1990-cı illərdən başlamışdı. 2000-ci ildən sonra informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlər artıq dünya nəhənglərinə çevrilirdi. Pandemiyayadək rəqəmsallaşma kifayət qədər yayılmışdı. Pandemiya isə ona daha güclü təkan verdi.

Hər bir çətin dövrün müəyyən üstün tərəfləri, başqa sözlə desək, fürsətləri olduğu kimi, pandemiya dövrünün əsas fürsəti də rəqəmsallaşma istiqamətində daha çevik və sürətli inkişafdır, əvvəllər bir sıra hallarda insanlar üçün texnoloji imkanlardan istifadə etməklə müəyyən fəaliyyəti icra etmək (məsələn, onlayn ödəniş etmək, onlayn görüşlər, onlayn alışlar) hamıya maraqlı gəlmirdi, buna daha çox texnologiya ilə maraqlanan insanlar gedirdilərsə, pandemiya dövrü sanki insanların texnoloji üstünlüklərdən istifadəsini stimullaşdırdı. Müəyyən məhdudiyyətlər əhalinin öz olduqları yerdən onlayn rejimdə fəaliyyəti fərdi tələbata çevirdi. Pandemiya xüsusilə elektron ticarətə, elektron ödənişlərə sanki bir "töhfə" verdi.

Təmassız ödəniş kartları

2000-ci illərin əvvəllərinədək ödəniş kartlarının oxunması üçün kart oxuyucu avadanlıqla təmas mütləq şərt idi. Belə ki, toxunuş zamanı kart üzərində olan maqnit zolaqda (sonralar isə xüsusi çiplərdə) olan informasiya oxuyucu qurğu tərəfindən oxunur və müvafiq informasiya emal olunurdu. Lakin sonralar NFC texnologiyası yarandı və bu texnologiya heç bir qurğu ilə toxunuş təması etmədən, qısa məsafədə kartı yaxınlaşdırmaqla ödəniş etmək imkanı gətirdi. 2010-cu ildən bərini isə təmassız kartların inkişafı dövrü hesab etmək olar.

Təmassız kartların bir sıra üstün cəhətləri vardır. Təmaslı kartlarla ödəniş zamanı, kartı oxuyucuya (POS terminal, ATM və sair) qurğuya daxil etmək, müəyyən əməliyyat ardıcıllığı etmək tələb olunurdusa, təmassız kartlarda buna ehtiyac yoxdur. Bunun üçün kartı oxuyucuya yaxınlaşdırmaq yetərlidir, oxuyucu qısa məsafədən kart məlumatlarını oxuyur və ödənişin həyata keçirilməsini yerinə yetirir. Bu isə daha sürətli və rahat əməliyyat deməkdir.

Lakin təmassız kartlarla da bağlı müəyyən limitlər vardır. Belə ki, normal halda təmaslı ödəniş zamanı təhlükəsizliyin təmin edilməsi üçün PİN koddan istifadə edilir. Kart istifadəçisi müəyyən əməliyyatı yerinə yetirmək üçün PİN kod (onlayn ödənişlər zamanı isə CVC/CVV kod) daxil etməlidir. Təmassız kartlarda isə bu məsələ bir qədər də asanlaşdırılmışdır. Ölkə qanunvericiliyi və bankdaxili qaydalarla tənzimlənmək şərtilə müəyyən həcmdə əməliyyatları PİN kod daxil etmədən yerinə yetirməyə icazə verilir. Hazırda Mərkəzi Bank tərəfindən bu limit artırılıb: indi təmassız kartlar vasitəsilə 100 manat həcmində əməliyyatı yerinə yetirərərkən ödəniş kartını POS terminala yaxınlaşdırmaq və PİN kod daxil etmədən bu əməliyyatı bir an içində həyata keçirmək mümkündür. 100 manatlıq limit COVID-19 pandemiyası dövründə insan əlinin qurğu ilə təmas məcburiyyətini aradan qaldırmış olur.

Burada limitin nəyə görə tətbiq olunması barədə sual yarana bilər. Bu, oğurluq fırıldaqçılıq kimi risklərin minimallaşdırılmasına xidmət edir. Məsələn hər hansı şəxs itmiş kartı tapa və onunla limitin icazə verdiyi həcmdə əməliyyatı rahatlıqla edə bilər. Bundan əlavə, ictimai nəqliyyatda, yaxud sıxlıq olan hər hansı bir yerdə təmassız kart sizin cibinizdə yaxud çantanızda olarsa, ona kiçik həcmli POS terminal yaxınlaşdırmaqla müəyyən məbləği sizin kartınızdan oğurlaya bilərlər. Bu cür risklər nəzərə alınaraq təmassız kartlar üzrə PİN daxil edilmədən həyata keçirilən əməliyyatların həddi 100 manat müəyyən edilmişdir.

Ölkəmizdə, demək olar ki, bütün bankların yeni kartları təmassız ödənişləri dəstəkləyir. Əvvəlki kartların istifadə müddəti bitəndən sonra veriləcək bütün kartlar təmassız ödənişləri dəstəkləyəcək.

Elektron ticarət

Elektron ticarət iş və ya xidmətlərin alıcı tərəfindən satıcıdan (xidmət göstərəndən) onlayn şəkildə əldə edilməsidir. Məsələn, bir şəxs hər hansı əmtəəni onlayn bir platformada (saytda) satışa çıxara, digəri isə ala bilər. Bunun üçün ən rahat ödəniş aləti ödəniş kartlarıdır. Ödəniş etdikdə vəsait alıcının kartından satıcının kartına avtomatik şəkildə köçürülmüş olur. Son illərdə ölkəmizdə bu istiqamət inkişaf etməkdədir. Bir çox banklar və kart prosessinq mərkəzləri onlayn satış üçün xüsusi texnoloji inteqrasiya imkanları təqdim etməkdədir. Həmçinin gündəlik həyatda etdiyimiz onlayn ödənişlər (kommunal, mobil rabitə, TV və s.) elektron ticarətin bir hissəsidir. Pandemiya dövründə bu imkanlardan istifadə hədsiz zəruridir, çünki günün əsas tələbi insanlarla təmasın minimuma endirilməsidir.

İnternet bankçılıq

Dünyada internet üzərindən bank xidmətlərinin göstərilməsinə 1990-cı illərdən başlanmışdır. İnternet şəbəkəsinin əlçatan olması, fərdi kompüterlərdən istifadənin genişlənməsi, daha sonrakı dövrlərdə isə smartfonların istifadəsi bu sahənin inkişafına təkan vermişdir. Pandemiya dövründə bunun xüsusi əhəmiyyəti vardır: insanlar heç yerə getmədən öz olduqları yerdən rahatlıqla nağdsız bank əməliyyatlarını həyata keçirə bilirlər. Ölkəmizdə internet bankçılığın inkişafını 2010-cu ildən sonrakı dövrə aid etmək olar və son 5 ildə bu inkişaf daha da sürətlənmişdir. Bu gün, demək olar ki, ölkəmizdə bütün bankların internet bankçılıq sistemləri vardır. Ölkədə bəzi banklarda əməliyyatların təqribən 15 faizi, bəzilərində isə 80 faizədək hissəsi onlayn rejimdə həyata keçirilir. Həm yeni nəslin texnoloji cəhətdən daha məlumatlı olması, həm də ölkənin bu sahədə atdığı addımlar həm bank sektorunun rəqəmsallaşma istiqamətində inkişafına, həm də yeni Fintex adlandırılan, maliyyə texnologiyaları sahəsində xidmət göstərən şirkətlərin yaranmasına səbəb olmuşdur. Pandemiya dövründə banklarda müştəri sıxlığının azalması üçün geniş çeşiddə və keyfiyyətli onlayn xidmətlərin göstərilməsi olduqca zəruridir, bu cür xidmətlərin keyfiyyəti pandemiyadan sonra artıq bank müştərilərində bu vərdişin formalaşmasına səbəb olacaqdır.

Mobil bankçılıq

Smartfon tipli telefonların istehlakının artması dünyada bir çox maliyyə əməliyyatlarına fərqli münasibət yaratdı. Artıq bu gün mobil telefonlar vasitəsilə müxtəlif növ əməliyyatlar (alış, ödənişlər və sair) həyata keçirmək çox adi haldır. Mobil bankçılıq dedikdə, mobil tətbiqlər vasitəsilə müxtəlif növ bank əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur. Ölkədə bu gün daha çox fiziki şəxslər mobil bankçılıqdan istifadəyə maraqlıdırlar. Əksər bankların mobil tətbiqləri vardır və istifadəçilər asanlıqla bu tətbiqləri yükləyərək müxtəlif bank əməliyyatlarını həyata keçirə bilirlər.

Mövcud risklər

Rəqəmsallaşma heç də kənardan göründüyü qədər asan proses deyildir. Burada insanların texnologiyalardan istifadə vərdişlərinin formalaşması, yaradılan sistemlərin təhlükəsizliyi, rahatlığı, çevikliyi, dayanıqlılığı və s. kimi əhəmiyyətli amillər nəzərə alınmalıdır. Məsələn, bir istifadəçi hər hansı mobil tətbiqdən istifadə etdikdə yalnız gözü qarşısındakı xanaları və düymələri görür, sistemin necə çalışmasından, nə kimi proseslərin baş verməsindən xəbəri olmur. Amma əksər hallarda bir düymə ilə baş verən prosesin arxasında çox böyük texnoloji proses baş verir ki, bunun hazırlanması kifayət qədər çətindir və zaman tələb edir. Texnoloji proses həmişə risklərlə müşayiət olunur.

Həm proqram təminatı hazırlayan şirkətlərimiz, həm də banklar təhlükəsizliyə xüsusi önəm verməlidirlər. Sözsüz ki, heç bir tam təhlükəsiz sistem yoxdur. Lakin müvafiq nəzarət mexanizmləri ilə riskləri azaltmaq mümkündür. İnformasiya təhlükəsizliyinin təşkili düzgün təhlil, strategiya, siyasət, risklərə adekvat şəkildə yaradılmış nəzarət mexanizmləri, düzgün qurulmuş infrastruktur və texnoloji alətlərdən başlayır. İnformasiya təhlükəsizliyi üzrə strategiya mütləq qaydada müəssisənin biznesi ilə qarşılıqlı uzlaşdırılmaqla hazırlanmalıdır. Bəzən informasiya təhlükəsizliyinin təşkili zamanı ehtiyaclar əsaslı təhlil edilmədən yanlış olaraq böyük xərclər tələb edən avadanlıqlar əldə edilir, investisiyalar həyata keçirilir, lakin riskə məruz dəyər nəzərə alınmadığı üçün investisiya qeyri-effektiv olur. Həmçinin sistemlərdən istifadə edən şəxslər təhlükəsizlik qaydalarına riayət etməli, parolları, təhlükəsizlik qurğularını və s. təhlükəsizlik elementlərini başqalarından gizli saxlamalıdırlar.

Problemlər

Bu gün ölkədə rəqəmsallaşma üzrə kifayət qədər işlər görülür, iri layihələr həyata keçirilir. Makro prizmadan baxsaq, artıq ölkənin böyük bir texnoloji infrastrukturu vardır: nağd dövriyyənin həcmi günbəgün azalır, onlayn ödənişlərin həcmi genişlənir, onlayn xidmətlər və elektron ticarətin əhatə dairəsi böyüyür. Lakin əsas problem kadr çatışmazlığıdır. İstər proqramlaşdırma, istər infrasturkur, istərsə də təhlükəsizlik istiqamətində peşəkar kadrların yetişdirilməsinə ehtiyac vardır. Bu problemin həlli üçün təhsil proqramlarının real sektorun tələblərinə uyğun şəkildə təşkili, peşəkar texnoloji istiqamətdə təhsilə daha çox şəxslərin cəlb edilməsi, təhsil keyfiyyətinin artırılması müntəzəm olaraq təmin edilməlidir. Həmçinin xarici ölkələrə "beyin axını"nın qarşısının alınması, ölkədə texnoloji sistemlərin yaradılması ilə məşğul olan şirkətlərə daha çox güzəştlərin edilməsi, təcrübəsiz əməkdaşların işə qəbul edilməsi zamanı həm şirkət, həm də yeni başlayan işçiyə güzəştlərin edilməsi kifayət qədər üstünlüklər gətirə bilər. Bir sıra şirkətlər və müəssisələr vardır ki, daha çox təcrübəli əməkdaşların işə cəlb edilməsində maraqlıdır. Hesab edirəm ki, bütün şirkətlər və menecerlər daha çox universitetləri yeni bitirmiş gənclərin yetişdirilməsinə ciddi yanaşmalıdırlar. Bu, tezliklə ölkədə peşəkar kadrların sayının artımına səbəb olacaqdır.

Proqnoz

Tarixə nəzər salsaq, əvvəlki dövrlərdə də müxtəlif və daha dəhşətli epidemiya və pandemiyalar olmuşdur. Hər bir epidemiya özü ilə cəmiyyətdə fəlakətlərlə yanaşı, müəyyən müsbət izlər də buraxmışdır. Hesab edirəm ki, bu pandemiya insan itkiləri kimi faciəvi nəticələrə səbəb olsa da, cəmiyyətin inkişafında texnologiyaların rolunu daha da artıracaqdır, bu sahəni inkişaf etdirəcəkdir. Postpandemiya dövründə isə texnoloji inkaşafa nail olmuş müəssisələr, şirkətlər, dövlətlər daha irəli gedəcəklər.

Fəxriyyə İKRAMQIZI