Ümidsiz borcların gəlirdən çıxılmasına hansı hallarda icazə verilir?

2020.09.11 11:10 (UTC+04:00)

Vergi Məcəlləsinin 111.1-ci maddəsinə əsasən, əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə olunan ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Məcəllənin 111.2-ci maddəsində göstərilib ki, ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir.

Ümidsiz borcun xərc kimi gəlirdən çıxılması üçün iddia müddəti gözlənilməlidir. Mülki Məcəlləsinin 372.2-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə əsasən, ümumi iddia müddəti 10 il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. İddia müddəti məsələsində incə məqam həmin müddətin müqavilədə qeyd olunmasıdır. Mülki qanunvericilikdə qeyd edilib ki, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası Mülki Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 73-cü maddəsində hüququ pozulmuş şəxsin iddiası üzrə ümumi müddət (iddia müddəti) üç il, hüquqi şəxslərin bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilmişdir. Tərəflər arasındakı anlaşılmazlıq məhkəmə qaydasında mübahisələndirildikdə və məhkəmə borcun alıcı tərəfindən ödənilməsinə qərar verdikdə satıcı tərəf bunu ümidsiz borc kimi tanıya bilməz. Alıcı tərəfin ödəmə qabiliyyətinin olmaması barədə məhkəmə qərarı olduqda isə ümidsiz borc xərc kimi silinə bilər.

Misal: Tutaq ki, "BB" MMC müqavilə bağlayaraq "RR" MMC-yə 17.000 manatlıq mal satıb. Müqavilə şərtlərində məbləğin 90 gün ərzində ödənilməli olduğu qeyd edilib. Qarşı tərəf müqavilə şərtlərində göstərilən məbləği ödəməsə, Mülkü Məcəllənin 373-cü maddəsinə əsasən, iddia müddəti işə düşür və müddətin sonunda satıcı tərəf məhkəməyə müraciət edərək əldə edə bilmədiyi məbləği ümidsiz borc kimi silir. Təbii ki, burada məhkəmə qərarından çox şey asılıdır. Əgər məhkəmə həmin məbləği ümidsiz borc kimi tanısa, satıcı tərəfin xərci, alıcı tərəfin isə gəliri kimi qeydə alınacaq və o, vergi qanunvericiliyinin tələbinə əsasən, büdcəyə müvafiq ödənişlər edəcəkdir.

Burada əsas məqam debitor və kreditor məbləğlərinin uçotunun düzgün aparılması və müqavilə şərtlərinin hər bir bəndinə diqqətlə yanaşılmasıdır.