“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) fəaliyyətə başladığı gündən etibarən bir çox istiqamətlər üzrə əhəmiyyətli irəliləyişlərə və böyük uğurlara nail olub.
QSC-nin mətbuat xidmətindən bildirilib ki, ölkənin qeyri-neft sektorunda dağ-mədən sənayesini uğurla təmsil edən “AzerGold”un cari ilin 8 ayı ərzindəki fəaliyyəti bütün sahələr üzrə yüksək artım göstəriciləri ilə nəticələnib. Belə ki, QSC tərəfindən ötən 8 ayda əsas satış məhsulu olan qızıl üzrə nəzərdə tutulmuş plandan 4752 unsiya daha çox olmaqla, ümumilikdə 39 min 312 unsiya qızıl hasil edilib. Bu, faizlə ifadə etsək, hasilat üzrə planla müqayisədə 14 faiz artım deməkdir. Bu hasilat göstəriciləri istehsalatda həyata keçirilən optimallaşdırma işləri və müasir texnoloji metodologiyaların tətbiqi sayəsində əldə edilib.
Məlum olduğu kimi, cari ilin 8 ayında qeyri-neft sektoru üzrə ixrac olunan məhsullar arasında qızıl ilk üçlükdə qərarlaşıb. Həm hasilat həcminin, həm də dünya bazarlarında qızıl qiymətlərinin artması fonunda “AzerGold” QSC-nin ixrac əməliyyatlarından ölkə iqtisadiyyatına cəlb etdiyi valyutanın həcmində də artım qeydə alınıb. Cari ilin yanvar ayından sentyabradək “AzerGold” tərəfindən icra edilən ixrac əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına 68,5 milyon ABŞ dolları (116,4 milyon manat) məbləğində vəsait cəlb edilib. İlin 8 ayında qızıl və gümüş ixracından əldə edilən gəlir ötən ilin analoji dövrü ilə müqayisədə 32 faiz, yaxud 16 milyon dollar (28 milyon manat) çoxdur. Həmin dövr ərzində QSC tərəfindən dövlət büdcəsinə 6 milyon manatdan çox vəsait ödənilib. Bu vəsaitin 4,8 milyon manatı vergilərin, 1,2 milyon manatı isə Dövlət Sosial Müdafiə Fonduna edilən ödənişlərin payına düşür. Ümumilikdə isə, QSC-nin bütün fəaliyyət dövrü ərzində dövlət büdcəsinə 36,7 milyon manat vergi şəklində ödənilib. Bu vəsaitin 31,6 milyon manatı vergilərin, 5,1 milyon manatı Dövlət Sosial Müdafiə Fonduna edilən ödənişlərin payına düşür.
Sadalanan iqtisadi nəticələr istismarı edilən yalnız “Çovdar” qızıl yatağında həyata keçirilən fəaliyyət sayəsində əldə olunub. Hazırda yeni yataqların istismara hazırlanması istiqamətində də intensiv işlər davam etdirilir. Təbii ki, bu sahədə işlərin icrasına kifayət qədər böyük maliyyə vəsaiti tələb olunur. Yeni yataqların işlənməsi, eləcə də əldə olunan müsbət iqtisadi artım göstəricilərinin daha yüksək dinamika ilə davamlılığının təmin edilməsi üçün QSC tərəfindən kapital qoyuluşu həyata keçirilməkdədir. “AzerGold” mənfəətlə çalışan dövlət şirkəti olaraq yeni layihələrə sərmayə qoyuluşunu təkcə əldə etdiyi gəlirlər (məlumat üçün, QSC-nin ötənilki fəaliyyəti nəticəsində əldə edilmiş 21 milyon manat həcmində xalis mənfəətin 15 milyonunun nizamnamə kapitalına yönəldilməsi qərara alınıb) və dövlət hesabına deyil, həm də alternativ maliyyə mənbələrinin hesabına həyata keçirməyi qarşıya məqsəd qoyub. Bu xüsusda qeyd olunan maliyyə mənbələrinin sırasına istiqrazların emissiyası da daxildir.