Böyük Britaniyanın Maliyyə Nazirliyi koronavirs infeksiyasının qarşısının alınması məqsədilə görülən tədbirlər ucbatından dövlət büdcəsinin itkilərinin yerinin doldurulması üçün on ilin ən böyük vergi artımı planını hazırlayır. Bu yolla hökumət hər il büdcəyə əlavə 25 milyard funt sterlinq (33,3 milyard dollar) vəsait cəlb etmək niyyətindədir.
Hökumətin müzakirə etdiyi məsələlərdən biri aktivlərin satışları üçün baza vergi dərəcəsini 10 faizdən 20 faizə qaldırmaq, eləcə də ikinci evin və ya mənzilin satışı üçün verginin dərəcəsini 18 faizdən 20 faizə qaldırmaqdır. Hazırda vergiləri 28 və 20 faizlik yüksək dərəcələrlə ödəyən zəngin vətəndaşlar üçün bu göstəricinin 40 faizə qaldırılması gözlənilir. Təkliflərə pensiya əlavələrinin həcminin azaldılması¸ elektron satışa vergi tətbiqi, istilik tarifinin və digər yığımların artırılması da daxildir.
Bundan əlavə, Britaniya Maliyyə Nazirliyi şirkətlərdən tutulan mənfəət vergisinin dərəcəsini 19 faizdən 24 faizə qaldırmaqla 2021-ci ilin büdcəsinə 12 milyard funt sterlinq (16 milyard dollar), 2023-24-cü illərin büdcəsinə isə 17 milyard funt sterlinq (22,7 milyard dollar) əlavə vəsait cəlb etməyi planlaşdırır.
Ekspertlər bu planın pandemiya dövründə böyük itkilərə məruz qalmış biznes ictimaiyyəti tərəfindən kəskin etirazla qarşılanacağını istisna etmirlər.