Əslən Yamaykadan olan 29 yaşlı Keniel Tomas ABŞ-ın Federal Təhqiqatlar Bürosunun və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Vilyam Vebsterdən guya lotereyada udduğu pulun "vergisini" ödəməyi tələb etməklə özünü ələ verib. Fırıldağı üzə çıxan Tomas 71 ay həbsdə yatandan sonra öz ölkəsinə göndəriləcək.
Məhkəmə sənədlərində göstərilir ki, özünü Deyvid Morqan kimi təqdim edən Tomas Vilyam Vebsteri ilk dəfə 2014-cü il iyunun 9-da axtarıb. O, "Mega Millions" adlı lotoreya oyunu şirkətinin müdiri olduğunu və Vebsterin 15,5 milyon dollar pul və son model "Mercedes" maşın udduğunu bildirib. Ancaq Tomasın kimə "ilişdiyindən" xəbəri yox idi. Hədəfində olan şəxsin Cimmi Karter və Ronald Reyqan dövründə ABŞ kəşfiyyat orqanlarına rəhbərlik edən şəxs olduğunu bilmirdi. 94 yaşlı Vebster ona edilən ilk telefon söhbətindən şübhələnib: Tomas ondan uduş məbləğinin vergiləri üçün 50 min dollar tələb edirdi.
Vebster məsələni dərhal Federal Təhqiqatlar Bürosuna çatdırıb və Tomasın telefon zəngləri qeydə alınıb. Tomas tələb etdiyi "vergi" məbləğini ala bilmədiyi üçün qoca kəşfiyyatçını hədələməyə başlamışdı və sonda, necə deyərlər, artıq tamahı onun öz başını yardı…