Azərbaycan BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna Dayanıqlı İnkişafa dair 3-cü Könüllü Milli Hesabatını təqdim edəcək

2020.09.05 14:56 (UTC+04:00)

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olan dövlətlərin 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiq edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub. Bu məqsədlərdən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb.

Ötən dövr ərzində ölkəmizdə DİM-lərin səmərəli və əhatəli icrası istiqamətində bir sıra işlər görülüb, o cümlədən bu təşəbbüsə qoşulan ölkələrdə DİM-lərin icrasının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və qabaqcıl təcrübələrin mübadiləsi məqsədilə hər il BMT-nin İqtisadi və Sosial Şurasının təşkilatçılığı ilə keçirilən Yüksək Səviyyəli Siyasi Forum (YSSF) üçün regionda ilk ölkə olaraq 2017-ci və 2019-cu ildə 2 Könüllü Milli Hesabat təqdim olunub.

Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan BMT-nin 2020-ci il üzrə Dayanıqlı inkişaf hesabatında dünyanın 166 ölkəsi arasında “dayanıqlı inkişaf məqsədləri indeksi” üzrə mümkün 100 balından 72,6 bal topla­yaraq 54-cü pillədə qərarlaşıb. Müqayisə üçün qeyd edək ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda bu indeks üzrə orta göstərici 70,9-dur. Hesabata əsasən, Azərbaycan səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su və enerji, davamlı şəhərlər və icmalar kimi.DİM-lər üzrə irəliləyişlərə nail olub.

Bununla yanaşı, ölkəmiz YSSF-ya növbəti (3-cü) Könüllü Milli Hesabatın təqdim edilməsi barədə müraciət edib və Azərbaycan hesabat təqdim edəcək ölkələr siyahısına əlavə olunub.

İnkluziv və Dayanıqlı inkişaf, COVID-19 pandemiyası və postpandemiya dövrünün çağırışları, həmçinin DİM-lər üzrə həyata keçirilmiş tədbirlər, həmçinin əldə olunmuş nailiyyətlərə dair hazırlanacaq hesabat 2021-ci ilin iyul ayında BMT-nin İqtisadi və Sosial Şurası tərəfindən təşkil ediləcək Yüksək Səviyyəli Siyasi Forumda təqdim olunacaqdır.