Azərbaycan startapları Beynəlxalq Startap Yarışmasında iştirak etməyə dəvət olunublar

2020.09.01 16:31 (UTC+04:00)

İslam İnkişaf Bankı Qrupunun (IsDB Group) İllik İnvestisiya Toplantısı ərəfəsində təşkil etdiyi Beynəlxalq Startap Yarışmasında Azərbaycan startapçıları da iştirak edəcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, qurum Beynəlxalq Startap Yarışmasının Azərbaycan üzrə milli turunun rəsmi tərəfdaşıdır. KOBİA bu gündən etibarən Beynəlxalq Startap Yarışmasının Azərbaycan üzrə milli turuna start verir. Startaplar sosial inkişaf, innovasiyalardan daha yaxşı istifadə, iqlim və ətraf mühitə təsir, məxfilik və məlumatların qorunması və startapın inkişafı kateqoriyaları üzrə yarışa qatıla bilər.

Yarışda bir sıra tələblərə cavab verən startaplar iştirak edə bilər. Belə ki, işçilərinin və komanda üzvlərinin sayı 20-dək olanlara, müvafiq kateqoriyalara uyğun gələnlərə, startapın minimum prototipinin və ya ideya/layihənin işlək modelinin olması (software, app, web service), mövcud istifadəçilərinin olması, digər milli və beynəlxalq yarışlarda iştirak edənlərə üstünlük veriləcək.

Milli turda iştirak etmək istəyən yerli startaplar sentyabrın 7-dək “https://www.aimcongress.com/roadshow/Profile/Register” keçidinə daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

Əlaqələndirici: KOBİA-nın nümayəndəsi Asif Həsənov (+994 12) 404-04-01 (daxili 241).

Milli turun qalibi KOBİA, İslam İnkişaf Bankı və İllik İnvestisiya Toplantısının təşkilat komitəsinin üzvlərindən ibarət Münsiflər Heyəti tərəfindən cari il sentyabrın 10-da onlayn formatda elan olunacaq. Qalib startap Azərbaycanı oktyabrın 29-da Dubayda keçiriləcək Beynəlxalq Startap Yarışmasında təmsil edəcək. Dubayda təşkil olunacaq yarış canlı formatda keçiriləcəyi təqdirdə milli təmsilçinin bütün xərcləri İslam İnkişaf Bankı tərəfindən qarşılanacaq. Beynəlxalq Startap Yarışmasında ümumilikdə 5 qalib seçiləcək və onların hər birinə 10 min ABŞ dolları məbləğində mükafat veriləcək. Ümumilikdə Beynəlxalq Startap Yarışmasında dünyanın 80 ölkəsindən startapların iştirakı nəzərdə tutulur.