Natəvan Məmmədova, Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru
Azərbaycanın iqtisadi inkişafı ölkədə aparılan vergi siyasəti ilə bilavasitə bağlıdır. Bu gün vergi orqanlarında yeni müstəvidə davam etdirilən müasir məzmunlu islahat tədbirlərinin nəticəsidir ki, vergi orqanları yeni tələblərə uyğun təkmilləşdirilmiş normativ-hüquqi bazası olan, yeni mütərəqqi iş prinsipləri və metodları əsasında fəaliyyət göstərən sivil dövlət təsisatına çevrilib.
Vergilər Nazirliyinin ictimaiyyət nümayəndələri və özəl sektor subyektləri ilə daimi əməkdaşlığı vergi orqanlarının müasirliyinin və şəffaflığının göstəricisidir. Bununla yanaşı, aparılan islahatlar ölkəmizin iqtisadi sahədə qarşıya qoyulan hədəflərə çatması baxımından olduqca böyük əhəmiyyət kəsb edir. Vergi qanunvericiliyinə edilmiş son dəyişikliklər ölkədə "kölgə iqtisadiyyatı"nın məhdudlaşdırılmasına və tədricən aradan qaldırılmasına, həmçinin vergi inzibatçılığının təkmilləşdirilməsinə səbəb olacaqdır ki, bu da nəticə etibarilə sahibkarlığın inkişafının dəstəklənməsinə şərait yaradacaqdır.
İnanıram ki, Vergilər Nazirliyi və Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) arasında mövcud əməkdaşlığın fəal şəkildə davam etdirilməsi dövlət və özəl sektor arasındakı dialoqun daha da möhkəmlənməsinə gətirib çıxaracaq, bu isə öz növbəsində həm mövcud vergi sisteminin, həm də biznes mühitinin inkişafına növbəti töhfələr verəcəkdir.