Macarıstanda çoxuşaqlı analar gəlir vergisindən azad olunacaq

2019.02.14 13:41 (UTC+04:00)

Macarıstanın Baş naziri Viktor Orban xalqa ənənəvi müraciətində dörd və ya daha çox uşağı olan anaların ömür boyu gəlir vergisindən azad ediləcəyini bildirib. O, bu addımın atılmasında başlıca məqsədin əhalinin artım tempinin geriləməsinin qarşısını almaq olduğunu, bununla da ölkəsinin gələcəyinin emiqrantlardan asılı vəziyyətə düşməsinə yol verilməyəcəyini vurğulayıb. Bu proqramın tərkib hissəsi olaraq, üç uşağı olan gənc ailələrə 36 min ABŞ dolları həcmində faizsiz kredit verilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, Macarıstan əhalisinin sayı hər il 32 min nəfərdən çox azalır. Hər qadın üzrə Avropa İttifaqında orta doğum göstəricisi 1,58 olduğu halda, bu, Macarıstanda 1,45 təşkil edir.