"Azexport.az"ın sifarişləri 8 faiz artıb

2020.08.31 15:24 (UTC+04:00)

2020-ci ilin yanvar-iyul ayları ərzində "Azexport.az" portalına 374,5 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 7 ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri 8 faiz artıb.

2020-ci ilin iyul ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri 55 milyon ABŞ dolları təşkil etməklə ötən ilin müvafiq ayı ilə müqayisədə 26,4 faiz artıb.

Cari ilin iyul ayında "Azexport.az" portalına ən çox pambıq mahlıcı və pambıq yağı, fındıq ləpəsi, pomidor, tütün, toyuq əti, alma, toyuq yumurtası, quru süd, qənnadı məhsulu, şərab, tikinti materialı, mühərrik yağı, kosmetik vasitə, sarımsaq, nar şirəsi, uşaq bezi, Naftalan yağı və s. mallar sifariş edilib.

2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 iyul tarixinədək (43 ay ərzində) portala dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 959,3 milyon ABŞ dolları təşkil edib.