Azərbaycanın qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərinin reytinqi açıqlanıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinın təqdim etdiyi icmala əsasən, 2020-ci ilin 7 ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqinə "Socar Polymer" MMC liderlik edib. Yanvar-iyul aylarında şirkət 74,9 milyon dollarlıq məhsul ixrac edib.
"Land Lojistic" MMC 57,5 milyon dollarlıq ixrac həcmi ilə ikinci, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi isə üçüncü yerdə olub. Nümayəndəliyin 7 ayda ixrac həcmi 52,7 milyon dollar olub.
Siyahıda sonrakı yerləri "MKT İstehsalat Kommersiya" MMC, "Fruit Store" MMC, "Global Trade Group" MMC, "Sun Food" MMC, "Azagroeksport 2017" MMC, "Baku Steel Company", "Aqrovest" MMC tutub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir. Sonrakı sıralarda isə "Azergold" QSC, "Azəralüminium" MMC, "Azərenerji" ATSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti və "Suraxanı Maşınqayırma Zavodu" ASC gəlir.