Azərbaycandan 9 milyard dollar dəyərindən artıq məhsul ixrac edilib

2020.08.31 17:18 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "İxrac İcmalı"nın 2020-ci ilin avqust buraxılışını təqdim edib. İcmalda bildirilib ki, 2020-ci ilin ilk 7 ayı ərzində Azərbaycandan ümumilikdə 9,1 milyard, qeyri-neft sektoru üzrə isə 1 milyard 35 milyon ABŞ dolları dəyərində məhsullar ixrac edilib.

Bu ilin yanvar-iyul ayları ərzində Rusiyaya 418,6 milyon, Türkiyəyə 205 milyon, İsveçrəyə 107,6 milyon, Gürcüstana 84,2 milyon və Çinə 31,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin 7 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 5,7 faiz, İsveçrəyə 21,9 faiz və Çinə 60,9 faiz artıb.

2020-ci ilin yanvar-iyul ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (166,5 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 96,5 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (70,6 milyon ABŞ dolları) isə üçüncü olub.

Ümumiyyətlə, 2020-ci ilin ilk 7 ayı ərzində meyvə-tərəvəz ixracı 359,6 milyon, pambıq lifi ixracı 71,6 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 51,3 milyon, kimya sənayesi məhsullarının ixracı 46,5 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 27,4 milyon, pambıq ipliyi ixracı 10,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 7,3 milyon, şəkər ixracı 9,3 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 13,7 milyon, çay ixracı 5,5 milyon ABŞ dolları dəyərində olub.