Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 5100-ə çatıb. Onlardan 970 nəfəri əlilliyi olan şəxslər, 659 nəfəri məcburi köçkünlər, 87 nəfəri şəhid ailəsi üzvləri, 78 nəfəri cəzaçəkmə müəssisəsindən azad olunanlar, 57 nəfəri isə ünvanlı sosial yardım alan şəxslərdir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, özünüməşğulluq proqramına cəlb olunan şəxslər hazırkı pandemiya dövrü ilə əlaqədar olaraq təlimlərə cəlb edilmədən onlara aktivlər veriləcək. Lakin xüsusi karantin rejimi bitdikdən sonra onların təlimlərdən faydalanması təmin ediləcək. Bu il ərzində 12 min işsiz şəxsin proqrama cəlb edilməsi üçün işlər aparılır.