Nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi artıb

2020.08.28 12:05 (UTC+04:00)

2020-ci ilin birinci yarısında manatın xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb. Xarici mühitdə baş verən proseslərin neqativ təsirlərinə baxmayaraq hökumətin və Mərkəzi Bankın birgə həyata keçirdikləri qabaqlayıcı tədbirlər nəticəsində valyuta bazarında stabillik qorunub.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda deyilir.

Hesabat dövründə valyuta bazarında əməliyyatların həcminin artması müşahidə edilib.

Yarımillik ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 4,7 faiz artaraq 12,7 milyard ABŞ dollar ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 86,5 faizi ABŞ dollarında, 13,5 faizi isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 38,3 faizi banklararası valyuta bazarında (BVB), 61,7 faizi isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb. Dövr ərzində BVB-də əməliyyatların 99,3 faizi ABŞ dollarında, 0,6 faizi avroda, 0,1 faizi isə digər valyutalarda aparılıb.

BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb. BDVB-də valyuta əməliyyatlarının həcmi 7,8 milyard dollar ekvivalentində olub ki, bunun da 78,5 faizini ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 92,6 faizi hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb. Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 16,4 faiz artaraq hesabat dövründə 3,2 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 2,9 milyard dollarını və ya 92,2 faizini ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.