29 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Cari vergiləri hesablayarkən nələrə diqqət yetirilməlidir?

Mənfəət və gəlir vergisi ödəyiciləri cari vergi ödəmələrini necə hesablamağı ilin əvvəlində seçməlidirlər. Mövzunu “vergiler.az” üçün maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edib.

Mənfəət vergisi bəyannaməsi və fiziki şəxs fərdi sahibkarların gəlir vergisi bəyannaməsi illik əsasda təqdim olunur. Lakin bu o demək deyil ki, bu vergi ödəyiciləri il ərzində heç bir ödəniş etməməlidirlər. Cari vergi ödənişləri haqqında arayış forması məhz bu məqsədlə tərtib olunub. Arayışın vasitəsilə mənfəət vergisinin ödəyiciləri, eləcə də fərdi sahibkarlar rüb ərzində əldə etdikləri gəlirlərin və ödəyəcəkləri verginin məbləği barədə vergi orqanına məlumat təqdim edir. Bu model onda iştirak edən hər tərəf üçün sərfəlidir: həm büdcə vergi ödənişlərini il ərzində gözləməli olmur, həm də vergi ödəyicisinə vergini təqribən bərabər hissələrlə ödəmək daha asandır. İl bitdikdən sonra isə illik mənfəət (gəlir) vergisi bəyannaməsi təqdim edilərkən hesablanmış və ödənilmiş vergi məbləğləri arasındakı fərq növbəti ilin mart ayının 31-dək əlavə olaraq ödənilir. Ödənilmiş avanslar verginin yekun dəyərindən çox olarsa, fərq vergi xidməti sistemində vergi ödəyicisinin şəxsi hesabında qalır.

Cari vergi ödənişləri haqqında arayış Vergi Məcəlləsinin 151.1, 151.2 və 151.5-ci maddələrində müəyyən edilmiş üsullarla təqdim edilə bilər. 151.1 və 151.2-ci maddələr ötən il fəaliyyəti və vergi tutulan gəliri olan, 151.5-ci maddə isə cari ildə fəaliyyətə başlamış və ya ötən il vergi tutulan gəliri olmayan vergi ödəyiciləri üçün nəzərdə tutulub. Vergi ödəyicisinin cari vergi ödənişlərini hesablama üsulu il ərzində təqdim edəcəyi ilk arayışda seçilir və aprel ayının 15-dək vergi orqanına təqdim olunur.

Qısaca bu üç üsul barədə məlumat vermək istərdim.

Birinci üsula (maddə 151.1) görə cari vergi ödənişləri keçən ilin mənfəət vergisinin ¼ hissəsi kimi hesablanır.

Misal 1: Tutaq ki, fərdi sahibkar 2021-ci ildə 3.000 manat gəlir vergisi ödəyib. 2022-ci ilin birinci rübündə isə 20.000 manat gəlir (gəlirdən çıxılan xərclər çıxılmaqla) əldə edib. Buna baxmayaraq, həmin şəxs Vergi Məcəlləsinin 151.1-ci maddəsində təsvir olunan metodu seçdikdə rüb üzrə cari vergi ödənişi cəmi 750 manat təşkil edəcək. Verginin qalan hissəsini isə ((20.000 x 20%) - 750 = 3.250 manat), illik əsasda mənfəəti olsa, növbəti ilin 31 martına kimi ödəyə bilər.

İkinci üsul üzrə (maddə 151.2) cari vergi ödənişlərini hesablayarkən fərdi sahibkar həmin rübdəki gəlirinin həcmini keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər.

Misal 2: Fərz edək ki, fərdi sahibkar 2021-ci ildə 100.000 manat gəlir, 40.000 manat gəlirdən çıxılan xərc bəyan edib. Beləliklə, 12.000 manat gəlir vergisi ödəyib. 2022-ci ilin 1-ci rübündə isə həmin şəxs 15.000 manat gəlir əldə edib. Bu halda cari vergi ödənişləri 151.2-ci maddədə qeyd olunan üsulla hesablanarsa, fərdi sahibkar 1.800 manat cari vergi ödənişi ödəməlidir:

15.000 x (12.000 / 100.000) = 1.800 manat.

Halbuki birinci üsulu (maddə 151.1) seçdiyi halda 3.000 manat cari vergi ödənişi etməli olacaqdı: 12.000 : 4 = 3.000 manat.

Beləliklə, Vergi Məcəlləsi vergi ödəyicisinə imkan verir ki, öz vergi ödənişlərini ona uyğun və daha rahat olan formada ödəsin. Sadəcə, bir məqamı unutmamaq lazımdır ki, 151.1 və 151.2 maddələrdə qeyd olunan üsullar arasındakı seçim ildə bir dəfə edilir və ilin sonuna kimi dəyişdirilə bilməz. Bu seçimi vergi ödəyicisi hər ilin aprel ayının 15-dək ilk cari vergi ödəmələri haqqında arayışı təqdim edərkən edir.

Üçüncü üsula (maddə 151.5) gəldikdə, o, cari ildə fəaliyyətinə başlayan və ya keçən ildə vergi tutulan mənfəəti olmayan vergi ödəyiciləri üçün nəzərdə tutulub. Cari vergi ödənişləri bu üsulla hesablanarkən ilin əvvəlindən hesabat rübünün sonuna kimi vergi ödəyicisinin mənfəəti hesablanılmalı və bu mənfəət üzrə hesablanmış verginin ən azı 75%-i ödənilməlidir.

Misal 3: Fərz edək ki, fərdi sahibkar 2022-ci ilin fevral ayında fəaliyyətə başlayıb və həmin ilin 1-ci rübü ərzində 10.000 manat gəlirdən çıxılan xərclər çıxılmaqla gəlir əldə edib. Fərdi sahibkarın 1-ci rüb üzrə cari vergi ödəmələri belə hesablanacaq:

(10.000 x 20%) x 75% = 1.500 manat.

Fərdi sahibkar 2-ci rübdə 5.000 manat gəlirdən çıxılan xərclər çıxılmaqla gəlir əldə etmiş olarsa, onun 2-ci rüb üzrə cari vergi ödəmələri 1-ci rübdə ödədiyi vergi məbləği nəzərə alınmaqla kumulyativ gəlir əsasında hesablanır:

(10.000 + 5.000) x 20% x 75% - 1.500 = 750 manat.

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb