19 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Amortizasiya ayırmalarının gəlirdən çıxılması

Mənfəət hesabatı vergi ödəyicisinə vergi xərclərini optimallaşdırmaq üçün qanuni imkanlar yaradır. Bunlardan biri də amortizasiya ayırmalarının gəlirdən çıxılması ilə bağlıdır. Mövzunu “vergiler.az” üçün maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.

Vergi Məcəlləsinin 114.1-ci maddəsinə əsasən, bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır.

Mənfəət vergisinin sadələşdirilmiş vergidən üstünlüklərindən biri odur ki, gəlirdən onun əldə edilməsi ilə bağlı bütün xərcləri çıxmağa imkan verir. Dolayı yolla bu, əsas vəsaitlərin alınması ilə bağlı məsrəflərə də aiddir. Sadəcə bu məsrəflərin gəlirdən çıxılması üçün amortizasiya ayırmalarına aid Vergi Məcəlləsinin 114-cü maddəsində göstərilən normalar nəzərə alınmalıdır. Yəni sahibkar 2022-ci ildə 1.500 manatlıq kompüter almışdırsa, təbii ki, 2022-ci ilin hesabatında 1.500 manatın hamısını xərc kimi tanıya bilməyəcək, ancaq müəyyən müddət ərzində bu aktivi xərc kimi dəyərsizləşdirəcək.
Belə ki, Vergi Məcəlləsinə əsasən, dəyəri ən azı 500 manat, istifadə müddəti isə bir ildən az olmayan maddi aktiv əsas vəsait hesab edilə bilər. Məhz bu aktivlər Məcəllənin 114-cü maddəyə uyğun olaraq amortizasiyaya məruz qalır və amortizasiya xərcləri də onlar üçün hesablanmalıdır.

Mənfəət və zərər haqqında hesabatda əks etdirilə bilən amortizasiya xərclərinin məbləği Vergi Məcəlləsi ilə aşağıdakı kimi müəyyən edilir:

- binalar - 7%-ə qədər;

- mebel və avadanlıq - 20% -ə qədər;

- yüksək texnologiyaların məhsulu olan kompüterlər və digər hesablama avadanlıqları - 25%-ə qədər;

- nəqliyyat vasitələri - 25%-ə qədər;

- digər əsas vəsaitlər - 20%-ə qədər.

Bundan əlavə, Vergi Məcəlləsinin 114.3-1, 114.3-2-ci maddələrinə əsasən, mikro sahibkarlıq subyektlərinə əsas vəsaitlərin 2 əmsalla, kiçik sahibkarlıq subyektlərinə isə 1,5 əmsalla sürətləndirilmiş amortizasiyadan istifadə etməyə icazə verilir. Bu o deməkdir ki, məsələn, mikro sahibkarlıq subyektinə aid olan vergi ödəyicisi aldığı kompüterləri digərləri kimi 25% yox, 50%; kiçik müəssisələr isə 37,5% dəyərində amortizasiya edəcək.

Misal: Sahibkar 31 yanvar 2022-ci ildə 1.500 manatlıq kompüter alıb. O, mikro sahibkarlıq subyekti olduğuna görə 2022-ci il üzrə mənfəət və zərər hesabatında 750 manat məbləğində amortizasiya xərcləri göstərəcək:

(1.500 x 25%) x 2=750 manat.

2022-ci ilin sonunda aktivin balans dəyəri 750 manat təşkil edəcək:

hesab dəyəri = ilkin dəyər - hesablanmış amortizasiya (1.500 - 750= 750)

2023-cü ildə o, mənfəət və zərər hesabatına daha 375 manat məbləğində amortizasiya xərcləri əlavə edəcək:

(750 x 25%)x2= 375 manat

2024-cü ildə aktivin balans dəyəri 500 manatdan az olduğu üçün (375<500) onun qalıq dəyəri tam şəkildə silinərək gəlirdən çıxılan xərcə əlavə ediləcək.

Sual yarana bilər ki, əsas vəsaitin yanvarın 31-də alınması, yəni 2022-ci ildə onun bütün il ərzində deyil, yalnız müəyyən hissəsinin istifadə olunması amortizasiya xərclərinin məbləğinə necə təsir edir?
Bu halda həmin məbləğ amortizasiya xərclərinə təsir etmir. Hətta bu aktiv 30 dekabr 2022-ci ildə əldə edilmiş olsaydı belə, Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən, sahibkar illik amortizasiya normasından istifadə etməklə bu aktiv üzrə illik amortizasiya ayırmalarını gəlirdən çıxılan xərc kimi tanımaq hüququna malikdir. Bundan əlavə, aktivin faydalı istifadə müddətinin bəzi ilində onun amortizasiya xərcləri mənfəət və zərər haqqında hesabata daxil edilməmişdirsə, növbəti illərin hesabatlarında nəzərə alına bilər.

Mənfəət hesabatı Vergi Məcəlləsi ilə tanış olan vergi ödəyicisinə vergi xərclərini optimallaşdırmaq üçün bir çox qanuni imkanlar verir. Sadəcə, optimallaşdırmanı vergidən yayınma ilə qarışdırmamaq vacibdir.

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb