22 Yanvar 2022

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Satınalma üsulundan nə zaman istifadə edilir?

Son dövrlər vergi ödəyiciləri tərəfindən tenderlər, kotirovkalar üzrə malların, işlərin və xidmətlərin təqdim edilməsi əməliyyatları çoxalmışdır. Oxucularımız tərəfindən də redaksiyamıza bu istiqamətdə suallar daxil olmaqdadır. Xatırladaq ki, bu əməliyyatlar “Dövlət satınalmaları haqqında” Qanun və bu qanun əsasında qəbul edilmiş digər alt normativ aktlar üzrə tənzimlənir. Sərbəst auditor Altay Cəfərov mövzu ilə bağlı “vergiler.az” saytının suallarını cavablandırıb.

- Altay müəllim, satınalma bütün dövlət müəssisələrinə aiddirmi? Yəni dövlət qurumu malları, işləri və xidmətləri əldə edəndə satınalma metodlarından istifadə etməlidirmi?

- Öncəliklə onu deyim ki, satınalma - malların (işlərin və xidmətlərin) qanunla müəyyənləşdirilmiş üsullarla dövlət vəsaiti hesabına əldə edilməsi deməkdir. Yəni dövlət vəsaiti hesabına mallar, işlər və xidmətlərin alınması satınalma sayılır.

Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir. “Dövlət satınalmaları haqqında” Qanunun 1.2 - 1.4-cü maddələrinin müddəaları üzrə malları, işləri və xidmətləri əldə edən əməliyyatlar həyata keçirildikdə satınalma qaydaları tədbiq edilmir.

Belə aydın olur ki, kommersiya təşkilatları malları, işləri, xidmətləri əldə edəndə satınalma üsullarından istifadə etməli deyildir. Amma bir çox ASC-lər, QSC-lər, MMC-lər və digər təşkilatı hüquqi formalı hüququ şəxslər vardır ki, onların fəaliyyəti birbaşa kommersiya fəaliyyətindən ibarətdir və normalda onlar kommersiya təşkilatları sayılır. Amma onların nizamnamə kapitalında dövlətin payları 30 faiz və çox olduqda, həmin kommersiya qurumları da satınalma üsullarından istifadə etməlidirlər.

Bundan əlavə, yuxarıdakı qanun Ələt azad iqtisadi zonasının fəaliyyəti çərçivəsində malların (işlərin və xidmətlərin) satın alınmasına şamil edilmir və bu sahədə münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

- Bəs satınalmanın hansı üsulları vardır? Tender buna aiddirmi?

- Tender - satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə iddiaçıların kağız daşıyıcıda və ya elektron formada təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqədir.

Azərbaycan Respublikasında malların (işlərin və xidmətlərin) dövlət satınalmaları haqqında qanunda qeyd olunan tətbiq şərtlərindən asılı olaraq açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir.
Həmçinin xüsusi hallar olaraq dövlət satınalmaları açıq tender və ya kotirovka sorğusu metodları tətbiq edilməklə elektron satınalma vasitəsilə həyata keçirilir.

Deməli, satınalmaların müxtəlif metodları vardır. Ən çox istifadə edilən tenderlərdir. Həmçinin kotirovkalar da çox istifadə edilir. Bundan əlavə tenderlər və kotirovkalar kağız formada və ya elektron satınalma vasitəsilə keçirilir.

- Elektron satınalma hansı hallarda istifadə edilir?

- Elektron satınalma – qalib təklifin seçilməsi üçün satınalan təşkilat tərəfindən tətbiq edilən, real vaxt rejimində dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilən, malgöndərənlərin (podratçıların) təqdim etdikləri təkliflərin avtomatik qiymətləndirilməsini təmin edən satınalma prosedurudur.
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakının məcburiliyini təmin etmək üçün satınalma predmetinin ehtimal olunan qiyməti 3,0 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirir.

İstənilən tenderin elektron formada həyata keçirilməsi məcburi sayılmır, elektron satınalmaların (tenderlərin) məcburiliyin xüsusi tələblərini yuxarıda qeyd etdik. Bundan əlavə yuxarıdakı məcburilik mikro, kiçik və orta sahibkarlar üçündür.

Digər hallarda keçirilən tenderlərin kağız və ya elektron formada keçirilməsi artıq tenderi həyata keçirən, elan edən qurumdan asılıdır.
Elektron satınalmalar https://etender.gov.az/ saytı ilə həyata keçirilir. Son dövrlərdə olan əməliyyatlar göstərir ki, demək olar ki, bütün tenderlər elektron qaydada yerinə yetirlir və deyərdim ki, şəffaflıq üçün bu daha düzgün addımdır.

- Tenderdə iştak edən malgöndərənlər (podratçılar) hansı sənədləri təqdim etməlidirlər?

- Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərən (podratçı) satınalan təşkilata aşağıdakı sənədləri təqdim edir:

  • tenderdə iştirak etmək üçün ərizə;
  • iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi (elektron satınalmaya uyğun olaraq keçirilən satınalmalar istisna olmaqla);
  • tender təklifi;
  • malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər.

Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər dedikdə aşağıdakılar nəzərdə tutulur:

- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (ehtiyac olduğu halda);
- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.

- Satınalmanı həyata keçirən qurumlar tərəfindən əlavə sənədlər tələb edilə bilərmi?

- Satınlamını həyata keçirən qurumun tender komissiyası tərəfindən satınalma prosedurlarının istənilən mərhələsində malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üçün onlardan əlavə məlumatlar tələb edə bilərlər. Yəni satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir:

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması;
- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;
- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.
- satınalan təşkilat malgöndərənlərin (podratçıların) əqli mülkiyyətlərini və ya kommersiya sirlərini qorumaq hüququnu nəzərə almaqla, onlardan yuxarıda göstərilmiş meyarlara uyğun ixtisas göstəricilərinə malik olduqlarını təsdiq edən sənədli sübutlar və ya digər məlumatlar tələb edə bilər.
Satınalan təşkilat satınalma prosedurları zamanı iddiaçının ixtisas göstəricilərini əks etdirən sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada təsdiq olunmasını və rəsmiləşdirilməsini tələb edə bilər.
Odur ki, əlavə məlumat və sənədləri tendərin ilkin və sonrakı mərhələrində satınalan təşkilat tələb edə bilər.

- Kotirovka ilə tenderin fərqi nədir?

- Kotirovkanın xüsusi tələbləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 20 may 2013-cü il tarixli № Q-12 “ Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satınalınan xidmətlər barədə bildirişin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədə” Qərarı ilə tənzimlənir.

Qərara əsasən, dövlət satınalmalarının açıq tender üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləği 50 (əlli) min manat müəyyən edilib. Dövlət satınalmalarının kotirovkalar sorğusu üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləği 5 (beş) min manat müəyyən edilib.

Odur ki, 5.000 manata kimi nə kotirovka və nə də tender keçirilmir. 5.000 manatdan yuxarı 50.000 manat kimi aparılan satınalmalar kotirovka metodu ilə reallaşdırılır. 50.000 manatdan yuxarı olan satınalmalar isə tender metodu və yuxarıdakı digər metodlar əsasında həyata keçirilir.