6 Dekabr 2021

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mülki-hüquqi müqavilə ilə çalışan vergi ödəyicisinin ödənişləri

Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur və bu sahədə xidmət göstərənlər gəlir vergisi ödəyiciləridir.

Qanunvericiliyin tələbini “vergiler.az”a şərh edən mühasibat mütəxəssisi Emin Salamov bildirib ki,Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə gəlir vergisi tutulur. Bununla yanaşı Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizinə güzəşt tətbiq olunur.

Misal: 01.07.2021-ci il tarixində vergi orqanında (VÖEN olduğu halda)uçotda olan fiziki şəxslə büdcə təşkilatı arasında aylıq olaraq 1000 manat dəyərində mülki-hüquqi xidmət müqaviləsi bağlanılarsa, bu zaman fiziki şəxsin vergi və sosial tutulmaları belə hesablanacaq:

S/n

Aylıq gəliri

Gəlir vergisi

MDSS 25%

İşsizlikdən sığorta

İcbari tibbi sığorta

Cəm tutulmalar

Karta gedən məbləğ

1

1000,00

46,37

62,50

0,00

10,00

118,87

881,13

Yuxarıda qeyd edilənlərə əsasən gəlir vergisi 46,37 manat olur:

1000 – 62,50 – 10 = 927, 50 manat

927,50 x 20% = 185,50 manat

185,50 x 75%=139,12 manat

185,50-139,12= 46,37 manat.

Bununla yanaşı Vergi Məcəlləsinin 108-ci maddəsində əldə olunan gəlirdən gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxıldıqdan sonra vergiyə cəlb olunması nəzərdə tutulub.

Eyni zamanda, əldə olunmuş aylıq gəlirdən məcburi dövlət sosial sığorta haqqı tutulur ki, buda “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 14.5.1-ci maddəsinə uyğun olaraq minimum aylıq əməkhaqqının 25%-i həcmində (250*25%) müəyyənləşib.

Bununla yanaşı göstərilmiş xidmətlərə görə əldə olunmuş aylıq gəlirdən icbari tibbi sığorta üzrə sığorta haqları tutulur ki, buda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 15-10.1.3-cü maddəsinə uyğun olaraq minimum aylıq əməkhaqqının 4 faizi həcmində müəyyənləşdirilib.

Əlavə olaraq qeyd edək ki, Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bununla yanaşı, Vergi Məcəlləsinin 151.3-cü maddəsinə əsasən, vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verir.

Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün bu Məcəllənin 151.2-ci maddəsində nəzərdə tutulan metodu seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir. Əks halda, vergi orqanı bu Məcəllənin 151.1-ci maddəsində nəzərdə tutulan (əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsi) metodu tətbiq edir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir.

Həmçinin, vergisi bəyannaməsi illikdir. İl bitdikdən sonra növbəti ayın 20-dək gəlir haqqında arayış isə rüblükdür. Məcburi dövlət sosial soğorta hesabatları üzrə vahid bəyannamə isə rüblükdür.