6 Dekabr 2021

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hansı əmlaklar ƏDV üçün mal sayılmır?

Vergi Məcəlləsin 13.2.8-ci maddəsinə əsasən, mal dedikdə hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su başa düşülür.

Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır.

İqtisadçı ekspert Anar Bayramov qanunvericiliyin tələbini belə izah edib:

Maddədən göründüyü kimi, mal anlayışına təkcə maddi deyil, qeyri-maddi əmlak (aktiv) da aiddir. Maddə elektrik və qaz kimi enerji daşıyıcılarını da əhatə edir. Deməli, “Azərişıq” və “Azəriqaz” xidmət yox, mal təqdim edir.

Qeyd edək ki, maddənin digər tələbinə əsasən, əlavə dəyər vergisinin məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. Həmin hissəni misallarla izah edək:

Misal 1: ƏDV ödəyicisi olan valyutadəyişmə məntəqəsinin həyata keçirdiyi proses pul vəsaitləri ilə bağlı olsa da, həmin mal ƏDV-yə cəlb edilmir.

Misal 2: ƏDV ödəyicisi olan hüquqi şəxs 2 ha-lıq torpaq sahəsini 100.000 manata satışa çıxarır. Torpağın satılması zamanı da malın üzərinə ƏDV hesablanmır, çünki vergi qanunvericiliyinə əsasən, torpaq əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün mal sayılmır.

Misal 3: Sadələşdirilmiş vergi ödəyicisi torpaq sahəsini 300.000 manata satırsa, o zaman dövriyyə 200.000 manatı keçməsinə baxmayaraq, ƏDV ödəyicisi olmaq üçün məcburi qeydiyyat yaranmır. Çünki torpaq əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün mal sayılmır.