6 Dekabr 2021

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ƏDV bəyannaməsində qarşılıqlı əlaqələr üzrə yaranan elektron uyğunsuzluqlar

Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.

Vergi yoxlamaları zamanı üzə çıxan uyğunsuzluqlara aydınlıq gətirən vergi məsləhətçisi Teymur İslamlı qeyd edib ki, bu yoxlamalar “Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair” Qaydalarla tənzimlənir. Həmin qaydaların 1.5-ci bəndinə əsasən, kameral vergi yoxlamaları 2 istiqamətdə həyata keçirilir: elektron və AVİS-dən kənar.
Vergi orqanı tərəfindən riyazi və məntiqi əsaslarla müəyyən edilən müvafiq risk meyarlarına uyğun olaraq AVİS proqram təminatı vasitəsilə aparılan yoxlamalar elektron, müxtəlif risk meyarları nəzərə alınmaqla fərdi qaydada aparılmış təhlillər və əldə edilmiş məlumatlar əsasında AVİS-dən kənar qaydada aparılan kameral yoxlamalardır. Yəni, bəyannamədə aşkar edilmiş elektron uyğunsuzluqlar insan faktoru olmadan yaranırsa, AVİS-dən kənar uyğunsuzluqlar isə vergi orqanı əməkdaşlarının apardıqları təhlillərə əsaslanır. Müəssisənin vergi uçotunda olan çatışmazlıqların aradan qaldırılması baxımından bəyannamə uyğunsuzluqları mühüm əhəmiyyət daşıyır. Əsaslı kameral uyğunsuzluq vergi ödəyicisini gələcəkdə maliyyə sanksiyası riskindən qoruyur.
Mövzunun praktiki əhəmiyyətini və aktuallığını nəzərə alaraq, ayrı-ayrı bəyannamələr üzrə daha çox qarşılaşılan uyğunsuzluqlar haqqında oxucularımıza ardıcıl yazılar təqdim edəcəyik.
ƏDV bəyannamələri üzrə ən çox rast gəlinən uyğunsuzluqlar qarşılıqlı əlaqələrin təhlili nəticəsinə “minimum dövriyyə” və elektron qaimə-faktura (EQF) üzrə əvəzləşdirmə məbləğinin ödənilmiş ƏDV məbləğindən çox olmasına görə yaranan uyğunsuzluqlardır. Bu uyğunsuzluqların oxşar cəhəti hər iki uyğunsuzluqda ƏDV üzrə kənarlaşma məbləğinin artan yekunla nəzərə alınmasıdır.
“Minimum dövriyyə”yə görə ƏDV bəyannaməsində yaranan uyğunsuzluğun mahiyyəti ondan ibarətdir ki, Vergi Məcəlləsinin 166-cı maddəsinin 01.01.2020-ci il tarixdən qüvvəyə minən redaksiyasına əsasən, nağdsız ödənişlər zamanı vergi tutulan əməliyyatın vaxtı pul vəsaitinin bank hesabına daxil olduğu vaxt hesab edilir. Uyğunsuzluğun “alqoritmi” ƏDV-nin depozit hesabına daxil olmuş məbləği bank hesabına daxilolmaya mütənasib hesab etməklə 01.01.2020-ci il tarixindən (həmin tarixədək debitor borclar bu barədə müvafiq qaydada məlumat verildikdə nəzərə alınmaqla) hesabat dövrünün sonunadək bəyan edilmiş daxilolmadan ƏDV məbləği ilə müqayisə edir.
Misal 1: “AA” MMC-nin ƏDV depozit hesabına 01.01.2020-ci il tarixdən 30.09.2021-ci il tarixədək 10 000 manat ƏDV daxil olub. Cəmiyyətin 01.09.2021-ci ilədək olan dövrdə təqdim etdiyi ƏDV bəyannamələrində vergi tutulan əməliyyatlar üzrə 5 000 manat ƏDV bəyan edilib. Daxil olmuş məbləğdən 2 000 manatı 01.01.2020-ci il tarixədək olan debitor borclar üzrə olub və “Debitor borclar barədə Məlumat Forması”nda bu barədə məlumat vergi orqanına təqdim edilib. MMC-nin sentyabr ayı üzrə ƏDV bəyannaməsində isə daxil olmuş məbləğdən 2 500 manat ƏDV bəyan edilib. Bu bəyannamə üzrə, nəticədə, 500 manat ƏDV-nin büdcəyə az hesablanması haqqında uyğunsuzluq yaranacaq.
Praktikada qeyd edilən uyğunsuzluğun hansı hallarla bağlı yaranmasına və həlli yollarına baxaq:
Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə əsasən, nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt vergi tutulan əməliyyatın vaxtıdır.
Məcəllənin 166.7-ci maddəsində isə göstərilib ki, bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Bir sıra hallarda ay ərzində ƏDV depozit hesabında ƏDV məbləği ay ərzində daxil olduğu halda həmin əməliyyat üzrə bank ödənişi növbəti ayda və ya aylarda daxil ola bilər. Bu halda müvafiq sənədlər və izahat məktubu vergi orqanına təqdim edildikdə kameral hesablama aparılmamalıdır.
Bu misal üzrə uyğunsuzluğun yaranmaması, bir sıra hallarda kameral hesablamaların aparılmaması baxımından tövsiyə olunur ki, müştərilərlə iş elə qurulsun ki, ƏDV depozit hesabına və bank hesabına daxilolma eyni ayda baş tutmuş olsun.
Başqa bir hal isə əməliyyatın baş tutmaması və digər səbəblərdən depozit hesabdan vəsaitin qaytarılması və ya artıq (səhv) ödənilmiş ƏDV-nin depozit hesabına geri qaytarılmasıdır.
Misal 2: Qarşılıqlı əlaqələrin təhlili nəticəsində vergi ödəyicisinin sentyabr ayı üzrə 600 manat ƏDV məbləğini az hesabladığı baradə uyğunsuzluq məktubu daxil olub. Araşdırma zamanı məlum olub ki, uyğunsuzluğun səbəbi vergi ödəyicisinin avqust ayında alınmış mallara görə ƏDV depozit hesabından ödədiyi 600 manatın malların qaytarılması səbəbindən malgöndərən tərəfindən depozit hesaba geri ödənilməsi olub.
Misal 3: Qarşılıqlı əlaqələrin təhlili nəticəsində vergi ödəyicisinin sentyabr ayı üzrə 700 manat ƏDV məbləğini az hesabladığı baradə uyğunsuzluq məktubu daxil olub. Araşdırma zamanı məlum olub ki, uyğunsuzluğun səbəbi vergi ödəyicisinin avqust ayında təqdim etdiyi mallara görə ƏDV depozit hesabına daxil olan 700 manat ƏDV məbləği artıq ödənildiyindən qarşı tərəfə geri qaytarılıb.
2-ci və 3-cü misallarda qeyd edilən uyğunsuzluqlar üzrə geri qaytarılan məbləğlər, qaytarmanın səbəbləri və tarixləri barədə təsdiqedici sənədlər (əgər mövcuddursa) əlavə olunmaqla izahat məktubunun yazılması tövsiyə olunur.